Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası BMT Baş Məclisində müşahidəçi statusu almaq üçün müraciət edib
Bakı, 19 may, AZƏRTAC
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Ramil Həsənovun rəhbərliyi ilə bu qurumun nümayəndə heyətinin Nyu-Yorka səfəri çərçivəsində BMT-nin mənzil-qərargahında qəbul təşkil olunub.
TDƏŞ-dən AZƏRTAC-a bildiriblər ki, qəbulda BMT yanında daimi nümayəndəliklərin rəhbərləri iştirak ediblər.
Mərasimdə Türk Şurası haqqında filmin nümayişindən sonra çıxış edən Ramil Həsənov TDƏŞ-in fəaliyyəti, onun BMT-nin müxtəlif qurumları ilə əməkdaşlığı barədə məlumat verib. O, Türk Şurasının BMT Baş Məclisində müşahidəçi statusu alması üçün müraciət etməsinin önəmini xüsusi vurğulayıb.
TDƏŞ nümayəndə heyətinin Nyu-Yorka səfərində qurumun layihə rəhbəri Zamin Əliyev və protokol şöbəsinin müdiri Əmrə Yurdakul da iştirak ediblər.