Türkiyə 1915-ci il hadisələrinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılmasında israrlıdır
Ankara, 17 iyun, AZƏRTAC
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Ali Məşvərət Şurasının iclasında 1915-ci il hadisələri ilə əlaqədar bu ölkənin əleyhinə irəli sürülən əsassız iddialara qarşı atılacaq addımlar müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, beş saat davam edən toplantıda 1915-ci il hadisələri ilə bağlı müxtəlif dairələr tərəfindən yayılan yalan və iftiralardan siyasi məqsədlər üçün istifadə olunması cəhdlərinin qarşısını alacaq strategiya barədə fikir mübadiləsi aparılıb.
Türkiyənin dövlət başçısı qeyd edib ki, təhrif edilən tarixi hadisələr üzərində əkilməsinə cəhd edilən düşmənçilik toxumları həqiqət torpağında cücərməyəcək.
İclasla bağlı verilən rəsmi məlumatda bildirilib ki, Türkiyəni və türk millətini qaralamaq üçün 1915-ci il hadisələrindən siyasi məqsədlər üçün istifadə edən erməni lobbisinin və bir sıra ölkələrin həqiqətə uyğun olmayan iddialar əsasında həyata keçirdikləri təbliğatın qarşısını alacaq genişmiqyaslı addımlar müzakirə edilib. Məsələnin tarixi və hüquqi tərəfləri ilə bağlı həqiqətlərin yerli və beynəlxalq ictimaiyyətə çatdırılmasını təmin edəcək layihələr və tədbirlər haqqında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Türkiyə artıq erməni lobbisinin yalan və iftira kampaniyalarına qarşı qətiyyətli addımlar atmağa başlayıb. Ali Məşvərət Şurasının iclasında qəbul olunan müvafiq qərar bu addımların davamıdır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara