Türkiyə-Azərbaycan Dərnəyinin üzvləri Kazım Qarabəkir Paşanın qızı Timsal Qarabəkiri ziyarət etmişlər
İstanbul, 12 iyun (AZƏRTAC). İstanbulda fəaliyyət göstərən Türkiyə-Azərbaycan Dərnəyinin nümayəndələri - qurumun sədri Səfər Qaraqoyunlu, dərnəyin qurucularından Murad Danışmanlı, Bedir Taşan, Cemil Uyğur, Kamil Ayrım, Bəkir Doğan, Kubilay Onk və başqaları Osmanlı ordusunun şərq qoşunları komandanı Kazım Qarabəkir Paşanın qızı Timsal Qarabəkiri ziyarət etmişlər.
Kazım Qarabəkir Paşanın İstanbuldakı ev muzeyində keçirilən görüşdə onun Vətən və xalq qarşısında tarixi xidmətlərindən söz açan dərnək üzvləri Timsal xanımı ziyarət etməyi özlərinə mənəvi borc hesab etdiklərini bildirmişlər. Onlar Qarabəkir Paşanın milli istiqlal savaşında qəhrəmanlığından və müasir Türkiyə Respublikasının qurulmasında xidmətlərindən qürur duyduqlarını diqqətə çatdırmışlar.
Qonaqlara minnətdarlığını bildirən T.Qarabəkir Türkiyə qarşısında böyük xidmətlər göstərən atasının əziz xatirəsinin ehtiramla anılmasını, Azərbaycanda və Türkiyədə adının rəğbətlə çəkilməsini Vətən, torpaq, azadlıq uğrunda şəhid və qazi olan bütün insanlara göstərilən diqqət kimi dəyərləndirmişdir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul