TÜRKİYƏ DOĞRU YOL PARTİYASININ NÜMAYƏNDƏ HEYƏTİ ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT ETMİŞDİR
Mehmet Ağar Şəhidlər xiyabanında türk əsgərinin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə əklil qoymuş, şəhid əsgərlərin adları yazılmış lövhəciklərin üstünə güllər düzmüşdür.
Sonra qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanlarımızın məzarları üstünə gül-çiçək dəstələri qoymuş, “Əbədi məşəl” kompleksi önünə gələrək şəhidlərin ruhu qarşısında baş əymişdir.
Mehmet Ağar səfərinin məqsədi ilə bağlı AZƏRTAC-ın müxbirinə qısa müsahibə vermişdir: “Bakıya səfərimdən əsas məqsəd böyük dövlət xadimi, bütün türk dünyası öndərlərindən biri olan Prezident Heydər Əliyevin vəfatının 40-cı günü ilə bağlı mərasimdə iştirak etməkdir. Sağlamlığım imkan vermədiyi üçün cənab Heydər Əliyevin dəfn mərasimində iştirak etməmişdim. Onun üçün də indi gəldim ki, Azərbaycan xalqına, Prezident İlham Əliyevə başsağlığı verim, böyük Allahdan sizlərə səbir diləyim. Mən Heydər Əliyev ilə 1992-ci ildən tanışam. Həmişə onun nəsihətlərini dinləmişəm. O, elə bir dahi şəxsiyyət idi ki, hamımız onu öyrənməliyik. Heydər Əliyevin yoxluğu həqiqətən də böyük itkidir. Bu təkcə Azərbaycanın deyil, bütün türk dünyasının itkisidir. Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə çox böyük dəyişikliklər baş vermişdir. Mən indi Bakını tanımadım. O qədər yaxşılaşıb ki. Ümidvaram ki, cənab İlham Əliyev də dahi öndərimizin yolunu gedəcək və Azərbaycan xalqı daha da inkişaf edəcəkdir. Hər halda mən buna inanıram. Bir daha Heydər Əliyevə Allahdan rəhmət diləyirəm, ruhu şad olsun”.