Türkiyə KİV-ləri Azərbaycan Xalq Cümhuriyyətinin ildönümünü geniş işıqlandırıb
Ankara, 29 may, AZƏRTAC
Türkiyənin aparıcı KİV-ləri Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ildönümünü ilə bağlı məlumatlar yayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxt Bakının İstiqlaliyyət küçəsində ucaldılmış abidəni Respublika Günü münasibətilə ziyarət etməsi KİV-lərdə əsas xəbərlərdən biri kimi təqdim olunub. Həmçinin 28 May - Respublika Günü münasibətilə dövlət başçılarının Prezident İlham Əliyevə ünvanladıqları təbriklərdən bəhs olunub. Türkiyə KİV-ləri Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını ortaq milli sərvətimiz kimi dəyərləndirib.
Cümhuriyyətin 101-ci ildönümü ilə əlaqədar Türkiyədəki təhsil ocaqlarında və dərnəklərdə çoxsaylı mərasimlər təşkil olunub. Prezident Rəcəb Tayyib Ərdoğan rəsmi Tvitter səhifəsində təbriklərini belə çatdırıb: “Azərbaycan Respublikasının yaranmasının 101-ci ildönümünü ən ülvi hislərlə təbrik edirəm. Dost və qardaş Azərbaycan xalqına, Prezident İlham Əliyev qardaşıma şəxsən öz adımdan və xalqımız adından sevgilərimi və salamlarımı göndərirəm”.
KİV-lərdə yayılan informasiyalarda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü ilə bağlı mərasimlərə də geniş yer verilib.
Xəbər agentlikləri, çoxtirajlı qəzetlər, televiziya kanalları və müxtəlif portallar Cümhuriyyətimizin tarixi və müasir Azərbaycan dövləti barədə geniş məlumatlar yayıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara