Türkiyə Prezidenti ilə Almaniya Kansleri arasında videoformatda görüş keçirilib
İstanbul, 18 dekabr, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Almaniya Kansleri Angela Merkel arasında videoformatda görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, məlumatı Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi yayıb.
Bildirilib ki, görüşdə iki ölkə arasındakı əlaqələri inkişaf etdirəcək məsələlərə toxunulub, yeni dövrdə Türkiyə-Avropa İttifaqı ölkələri arasındakı əlaqələr müzakirə olunub.
Görüş əsnasında Türkiyənin Avropa İttifaqı ölkələri ilə əməkdaşlıqda yeni bir səhifə açmaq niyyətində olduğunu bildirən Prezident Ərdoğan bu istiqamətdə nümayiş etdirdiyi konstruktiv töhfə və səyləri üçün A.Merkelə təşəkkürünü bildirib.
Avropa İttifaqı ölkələrinin liderlərinin son Sammitində bəzi liderlərin gündəmdəki məsələlərə istinad edərək müsbət rəy bildirmələrinə xüsusi əhəmiyyət verdiyini deyən Prezident Ərdoğan digər tərəfdən Türkiyə-Aİ münasibətlərində böhran yaratmağa çalışanların qarşılıqlı fayda verəcək müsbət gündəm məsələləri üçün açılan bu fürsət pəncərəsinə zərər verəcəyini dilə gətirib.
Ölkəsinin Yunanıstanla tədqiqatlar istiqamətində danışıqları yenidən başlamağa hazır olduğunu ifadə etməsinə baxmayaraq, yunan tərəfinin yeni bəhanələrlə bu danışıqlardan qaçdığını bildirən Prezident Ərdoğan Türkiyənin Şərqi Aralıq dənizi mövzusunda da xoşməramlı və konstruktiv münasibət göstərməyə davam etdiyini deyib.
Türkiyə-Aİ əlaqələrinin son iki ildir bəzi üzvlərin dargörüşlü mənafelərinə həbs edilməsi ilə vaxt itkisi yaşadığına işarə edən Rəcəb Tayyib Ərdoğan son Aİ Sammiti qərarında daha sərt bir şəkildə bəhs edilən müsbət gündəliyin açarının 18 Mart Konsensusunun yenilənməsi olduğunu bildirib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul