RƏSMİ XRONİKA
TÜRKİYƏ RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB RƏCƏB TAYYİB ƏRDOĞANA
Hörmətli cənab Baş nazir,
Əziz qardaşım,
Türkiyənin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə Sizə və bütün türk xalqına ən səmimi təbriklərimizi yetirməkdən məmnunluq duyuram.
Baş Məclisin bu seçimi beynəlxalq birliyin Türkiyəyə etimadının bariz göstəricisi olub yürüdülən xarici siyasət xəttinin dəstəklənməsi, dünyada və xüsusən də regionda sülhün və sabitliyin bərqərar olmasına, beynəlxalq əməkdaşlığın inkişafına Türkiyənin verdiyi sanballı töhfələrin lazımınca dəyərləndirilməsi deməkdir.
Bu tarixi anlarda Sizinlə birlikdə sevinc və iftixar hissi keçirir, ümidvar olduğumuzu bildirirəm ki, qarşıdakı illərdə Türkiyənin Təhlükəsizlik Şurasında fəaliyyəti uğurlu olacaqdır.
Bir daha Sizə və qardaş Türkiyə xalqına təbriklərimizi və ən xoş arzularımızı yetirirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 18 oktyabr 2008-ci il.