İQTİSADİYYAT
Türkiyə şirkətlərinin Azərbaycanda törəmə müəssisə açma perspektivləri müzakirə edilib





Bakı, 7 dekabr, AZƏRTAC
Bakıda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşkilatçılığı ilə “Türkiyə texnologiya bazarı ilə tanışlıq” istiqamətində tədbir keçirilir.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində İRİA-nın sədri İnarə Vəliyeva türkiyəli qonaqları salamlayaraq, tədbirin iki ölkə arasında ikitərəfli münasibətlərdə yeni mərhələnin inkişafında əhəmiyyətini vurğulayıb. Platformanın türk şirkətləri üçün öz imkanlarını təqdim etmək və azərbaycanlı həmkarları ilə əlaqə və əməkdaşlıq yaratmaq üçün unikal imkan olduğu qeyd olunub.
Türkiyənin Hizmet İxracatçıları Birliyinin (HİB) İdarə heyətinin sədri İlhan Bagoren bildirib ki, təbirdə Türkiyədən Azərbaycana səfər edən 19 şirkət iştirak edir.
Türkiyəli qonaqlar Azərbaycanın biznes üçün əlverişli mühitinə əminliklərini ifadə edib, Relokasiya proqramı və Texnopark rezidentliyi çərçivəsində təqdim olunan mühüm üstünlükləri və güzəştləri yüksək qiymətləndiriblər.
Tədbirdə Azərbaycanın Avrasiyada biznes mərkəzi kimi strateji əhəmiyyəti vurğulanaraq gələcəkdə Türkiyə şirkətlərinin burada törəmə müəssisə açmaları perspektivli addım kimi dəyərləndirilib.
İ.Bagoren qeyd edib ki, səfərin məqsədi Türkiyə texnologiya bazarı ilə tanış olmaq, eyni zamanda texnologiya rezidentliyi çərçivəsində Azərbaycanda İKT şirkətləri üçün yaradılan güzəşt və imtiyazlarla onları təmin etməkdir.
Tədbirdə çıxış edən İnarə Vəliyeva bildirib ki, bu tədbir qardaş Türkiyə ilə İKT sahəsində əməkdaşlığın yeni mərhələsinə addım hesab olunur.