“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi İstanbulda Xocalı soyqırımı ilə bağlı tədbir keçirəcəkdir
Bakı, 23 fevral (AZƏRTAC). Fevralın 23-də Azərbaycanda Atatürk Mərkəzində “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin təşkilatçılığı ilə (TUMIB) Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Prezident Administrasiyasının, Gənclər və İdman Nazirliyinin, Türkiyədə təhsil alan tələbələrin, qeyri- hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdikləri tədbirdə əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
TUMIB-in sədri Çingiz Bayramov 1992-ci il fevralın 25-dən 26-na keçən gecənin Azərbaycan xalqının tarixinə Xocalı qətliamı kimi daxil olmasından danışmış, həmin soyqırımını bütün türk dünyasının faciəsi adlandırmışdır.
Tədbirdə Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin məsul işçisi Rasim Mirzəyev, Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev və digərləri çıxış edərək Xocalı faciəsinin tarixinə nəzər salmış, ermənilərin tarix boyu Azərbaycan torpaqlarında törətdikləri digər qətliamlardan bəhs etmiş, dövlətimizin bu soyqırımın dünyada təbliği istiqamətində gördüyü işlərdən danışmışlar.
Diqqətə çatdırılmışdır ki, məhz ulu öndərimiz Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilmişdir. Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Azərbaycan həqiqətləri, Xocalı soyqırımının dəhşətləri bütün dünya ictimaiyyətinə çatdırılır.
Xocalı soyqırımının iyirminci ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını xatırladan natiqlər Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında və soyqırımın dəhşətli nəticələrinin təbliğində diaspor təşkilatlarının, hər bir qurumun və vətəndaşın üzərinə mühüm vəzifələr düşdüyünü bildirmişlər. Belə tədbirlərin Azərbaycan gəncliyinin xalqımızın başına gələn hadisələri, faciələri daha dərindən öyrənməsi, gənclərin daha da maarifləndirilməsi istiqamətində əhəmiyyətini vurğulamışlar.
Tədbirdə, həmçinin qeyd olunmuşdur ki, fevralın 25-də İstanbulda TUMİB-in təşkilatçılığı ilə Xocalı qətliamının 20-ci ildönümü ilə bağlı konfrans da təşkil olunacaqdır.