Türkiyədə keçirilən beynəlxalq simpoziumda Azərbaycan həqiqətlərindən danışılıb
Türkiyənin Giresun Universitetində Qara dəniz Strateji Araşdırmalar və Tətbiq Mərkəzi ilə Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin birgə təşkil etdiyi “Qara dənizdən Xəzərə strateji baxış” mövzusunda VI Qara dəniz beynəlxalq elmi simpoziumu keçirilib.
İkigünlük simpoziumda Azərbaycandan və Türkiyədən deputatlar, Ankarada fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, Azərbaycan, ABŞ, Almaniya, Polşa, Rumıniya, İran, Ukrayna, Gürcüstan, Rusiya və Avstriyadan alimlər iştirak ediblər.
Giresun Universitetinin rektoru, professor Aygün Əttar, Qazaxıstanın Türkiyədəki səfiri, professor Canseyid Tüymebayev, Azərbaycan Kooperasiya Universitetinin rektoru, Milli Məclisin deputatı Eldar Quliyev, Türkiyə Böyük Millət Məclisinin üzvü, professor İsmayıl Safi və başqaları çıxış edərək Azərbaycanın karbohidrogen ehtiyatlarının işlənməsi və Qərbə nəqli, Azərbaycan-Türkiyə əməkdaşlığının Avropanın enerji təhlükəsizliyində rolu, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin regional inkişaf proseslərinə mənfi təsiri, Ukraynada və Yaxın Şərqdə cərəyan edən hadisələr və s. məsələlərdən bəhs ediblər.
Simpozium çərçivəsində Giresun Universiteti Senatının qərarı ilə bu təhsil ocağının ərazisində qurulmuş “Qafqaz İslam Ordusu” meydanının, 1918-ci ildə Bakının daşnak-bolşevik işğalından azad olunması ilə bağlı abidənin, eləcə də Dağlıq Qarabağ münaqişəsinə dair kitab və jurnalların, digər əyani vəsaitlərin nümayiş olunduğu “Qarabağ guşəsi”nin açılışı olub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul