TÜRKİYƏDƏ ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEVİN ƏZİZ XATİRƏSİ YAD OLUNMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Ankaradakı səfirliyimizin binasında unudulmaz rəhbər, ulu öndər Heydər Əliyevin vəfatının 40-cı günü münasibəti ilə anma mərasimi keçirilmişdir. Tədbirə Ankarada yaşayan, işləyən professor və müəllimlərimiz, elm və incəsənət xadimlərimiz, burada təhsil alan tələbələrimiz dəvət olunmuşlar.
Əvvəlcə Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Mərasimi giriş sözü ilə açan səfirimiz Məmməd Əliyev
zəmanəmizin müdrik siyasi xadimi Heydər Əliyevin misilsiz fəaliyyətindən danışmış, müasir dövrdə Azərbaycanın beynəlxalq aləmdə tanınmasında və nüfuz qazanmasında bu böyük şəxsiyyətin səmərəli əməyini və rolunu xüsusi vurğulamışdır.
Sonra mərhumun ruhuna dualar oxunmuş, ehsan süfrəsi açılmışdır.
Yanvarın 18-də İstanbuldakı baş konsulluğumuzda da dünya şöhrətli siyasi xadim, türk dünyasının sərkərdəsi Heydər Əliyevi anma mərasimi keçirilmişdir. Tədbirdə İstanbuldakı həmvətənlərimiz, tələbələrimiz, burada müvəqqəti ezamiyyətdə olan vətəndaşlarımız, Azərbaycanın və Türkiyənin kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər. Mərasimdə ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla
yad olunmuşdur. Baş konsulumuz İbrahim Yaqubov sözləri Azərbaycanda və Türkiyədə zərb-məsələ çevrilən, əməlləri əfsanələşən Heydər Əliyevin zəngin həyat yolundan, qarşılaşdığı çətinliklərdən, müdrik və səmərəli fəaliyyətindən, mətin iradəsindən söhbət açmışdır. Sonra xalqımızın adət və ənənəsinə uyğun müqəddəs Qurandan ayələr oxunmuş, ehsan süfrəsi açılmışdır.