Türkiyəli general Azərbaycanın Hərbi Hava Qüvvələrinin aviabazalarında olub
Bakı, 1 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Hasan Küçükakyüzün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycanın və Türkiyənin Hərbi Hava Qüvvələri arasında əməkdaşlığın hazırkı vəziyyəti, genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Türkiyə nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin aviabazalarında da olub. Qonaqlara aviabazaların fəaliyyəti barədə ətraflı məlumat verilib.