Türkiyəli taekvondoçu: Birinci Avropa Oyunları digər beynəlxalq yarışlardan təşkilatçılıq baxımından daha yüksək səviyyədədir
Bakı, 18 iyun, Məmməd İsayev, AZƏRTAC
Qitədə hər çəki üzrə ilk sırada olan 16 nəfər Birinci Avropa Oyunlarında iştirak edir. Hədəfim 2016-cı ildə Yay Olimpiya Oyunları iştirak etməkdir. “Rio-2016” Yay Olimpiya Oyunlarına az vaxt qaldıqca bütün idmançılar təlim-məşq keçirir, beynəlxalq yarışlara qatılır və hazırlaşırlar. İlk Avropa Oyunları isə “Rio-2016” Oyunlarına hazırlaşmaq üçün vacib yarışdır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində iyunun 18-də “Baku Crystal Hall”da keçirilən qadınlar arasında taekvondo yarışlarının iştirakçısı, 2012-ci il London Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı türkiyəli idmançı Nur Tatar (-67) deyib.
Türkiyəli idmançı bildirib: “Atletlər Kəndini çox bəyəndim. Nəqliyyat məsələləri yüksək səviyyədə həll olunub. İnsanlar gülərüzlüdür. Yarışların keçirildiyi arenalar, infrastruktur, o cümlədən “Baku Crystal Hall” və buradakı ab-hava gözəldir. Hər kəsin yarışların keçirildiyi yerdə və Atletlər Kəndində idmançılara diqqət və qayğı göstərməsi bizi sevindirir. Hər şey üçün minnətdarıq. Mən çox beynəlxalq yarışlarda iştirak etmişəm. Ümumiyyətlə, birinci Avropa Oyunları digər beynəlxalq yarışlardan təşkilatçılıq baxımından daha yüksək səviyyədədir.
Türkiyəli təmsilçisi deyib ki, azərbaycanlı azarkeşlərin türkiyəli idmançıları fəal şəkildə dəstəklədiklərinə görə sizlərə minnətdaram. İndi Ramazan ayıdır və mən də bütün Azərbaycan xalqının Ramazan bayramını təbrik edirəm.