TÜRKİYƏNİN AZƏRBAYCANLA BAĞLI MÖVQEYİ HEÇ ZAMAN DƏYİŞMƏYƏCƏKDİR
Qonaqları səmimi salamlayan Milli Məclisin sədri demişdir: “Ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin qədim tarixi kökləri vardır. Bununla belə, münasibətlərimizin bu gün strateji əməkdaşlıq səviyyəsinə çatmasında Azərbaycan xalqının, eləcə də bütün türk dünyasının lideri Heydər Əliyevin xüsusi xidmətləri olmuşdur. Unudulmaz Heydər Əliyevin dediyi kimi, biz bir millət, iki dövlətik. Qardaşlıq əlaqələrimiz daha da möhkəmlənəcəkdir. Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi olan və ölkələrimizin, eləcə də regionun iqtisadi inkişafı və sabitliyi üçün nəzərdə tutulmuş Bakı-Tbilisi-Ceyhan və Bakı–Ərzurum layihələrinin həyata keçirilməsi üçün bütün səylərimizi artırmalıyıq. Bu layihələrin gerçəkləşməsi xalqlarımızın rifah halının yaxşılaşmasında mühüm rol oynayacaqdır”.
Murtuz Ələsgərov daha sonra parlamentlərarası əlaqələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın ədalətli mövqeyi barədə qonaqlara ətraflı məlumat vermişdir.
Səmimi qəbul üçün minnətdarlıq edən Mehmet Ağar dedi ki, Bakıya gəlməkdə əsas məqsədi bütün türk xalqının sevimlisi Heydər Əliyevin vəfatının 40-cı günündə keçirilən mərasimlərdə iştirak etmək, Azərbaycan Respublikasının Prezidentinə, onun ailəsinə, yaxınlarına və xalqımıza başsağlığı verməkdir.
Sonra qonaq demişdir: “Siz çox düzgün buyurdunuz ki, ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafında möhtərəm Heydər Əliyevin xüsusi rolu olmuşdur. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin və digər regional layihələrin reallaşması xalqlarımızın xoşbəxt gələcəyinin qarantıdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə gəldikdə, biz Azərbaycanın haqlı mövqeyini dəstəkləyirik. Ermənistan təcavüzkar siyasətindən əl çəkməyincə Türkiyə bu ölkə ilə heç bir əlaqə qurmayacaqdır. Türkiyədə kimin hakimiyyətdə olmasına baxmayaraq, bu mövqe heç zaman dəyişməyəcəkdir”.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.