Türkiyənin Hatay vilayətindəki Mustafa Kamal Universitetində Xocalı soyqırımı ilə bağlı konfrans keçirilmişdir
Bakı, 23 fevral (AZƏRTAC). Türkiyənin Hatay vilayətindəki Mustafa Kamal Universiteti Atatürk Qanunları və İnqilab Tarixi Araşdırma və Tətbiqi Mərkəzinin təşkilatçılığı ilə “Erməni məsələsi sənədlərin işığında və Xocalı soyqırımı” mövzusunda konfrans keçirilmişdir.
AZƏRTAC Türkiyənin Anadolu agentliyinə istinadla xəbər verir ki, 19 il əvvəl Xocalıda ermənilər tərəfindən törədilmiş vəhşiliklər və faciə haqqında ətraflı məlumatın verildiyi tədbirdə universitetin rektoru, professor Hüsnü Saleh Güdər Xocalı hadisələrində yüzlərlə azərbaycanlının qətlə yetirildiyini bildirmişdir. Xocalı soyqırımının erməni qatilləri tərəfindən insanlığa qarşı törədilən cinayət olduğu qeyd edilmişdir.
Bu faciənin XX əsrdə baş vermiş ən dəhşətli faciələrdən və cinayətlərdən biri olduğunu vurğulayan H.S.Güdər beynəlxalq təşkilatların Xocalı soyqırımını sükutla qarşıladığını, hadisədən 19 il keçməsinə baxmayaraq BMT və digər qurumlar tərəfindən hadisəyə lazımi siyasi-hüquqi qiymət verilmədiyini qeyd etmişdir.
Yaxın zamanlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməyəcəyi, Xocalı hadisəsinə siyasi-hüquqi qiymət verilməyəcəyi və bu soyqırımını törədənlərin layiqli cəzalarını almayacağı təqdirdə Qafqaz regionunda inkişafın və sabitliyin qeyri-mümkünlüyü diqqətə çatdırılmışdır. Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi qətliamı beynəlxalq ictimaiyyətə lazımi səviyyədə çatdırmağın münaqişənin həllinə kömək edəcək əhəmiyyətli addımlardan biri olacağı inamı ifadə edilmişdir.
Konfransda çıxış edənlər ermənilərin müxtəlif tarixi dövrlərdə Türkiyədə də soyqırımları törətdiyini qeyd etmişlər.