REGİONLAR
Türkiyənin Qafqaz Universitetinin nümayəndə heyətinin Gəncəyə səfəri başa çatıb







Gəncə, 25 yanvar, Elcan Məmmədov, AZƏRTAC
Türkiyənin Qafqaz Universitetinin nümayəndə heyəti Gəncəyə səfər çərçivəsində şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin təhsil məsələləri üzrə müşaviri Nəcibə Nəsibova, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, beynəlxalq əlaqələr üzrə prorektor Engin Kılıç, Baytarlıq fakültəsinin dekanı Mete Cihan və Tibbi Mikrobioloji bölümünün professoru Özgür Çelebi və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları iştirak ediblər.
Niyazi Bayramov qonaqlara Gəncənin tarixi, mədəniyyəti, elm və təhsil sahələri haqqında ətraflı məlumat verib, Gəncədə 3 universitet və 2 kollecin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. O, Azərbaycan Dövlət Aqrar Universitetinin ölkənin aqrar sahəsinin inkişafında böyük rolu olduğunu vurğulayıb.
Qafqaz Universitetinin rektoru Hüsnü Kapu rəhbərlik etdiyi ali təhsil ocağının fəaliyyət istiqamətlərindən, tədris olunan ixtisaslar və kadr hazırlığı üzrə aparılan işlərdən bəhs edib və ADAU ilə əməkdaşlıqda xüsusi maraq kəsb edən sahələrə toxunub.
Sonra nümayəndə heyəti Türkiyənin Gəncə şəhərindəki Baş konsulu Rəcəp Öztop ilə görüşüb.
Daha sonra qonaqlar Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda olublar. Qonaqlara institutun fəaliyyət istiqamətləri, görülən işlər və həyata keçiriləcək layihələr barədə məlumat verilib.