TÜRKİYƏNİN SAMANYOLU TELEVİZİYASININ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV HAQQINDA ÇƏKDİYİ SƏNƏDLİ FİLMİN TƏQDİMATI OLMUŞDUR
Xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin böyük uzaqgörənliklə dediyi bu sözlərin artıq tarixin sınağından keçərək real həqiqətə çevrilməsi Türkiyənin Samanyolu televiziyasının (STV) çəkdiyi “İlham Əliyev - Azərbaycanın gənc lideri” sənədli filminin leytmotivini təşkil edir.
AZƏRTAC xəbər verir ki, iyulun 7-də “Ambassador” hotelində filmin təqdimatı olmuşdur. STV-nin Bakı ofisinin icraçı direktoru Xəlil İbrahim Seyhan filmin nümayişindən sonra keçirilən mətbuat konfransında bildirmişdir ki, 2000-ci ildən bəri “Xəzərdən dünyaya” proqramı çərçivəsində Azərbaycan haqqında 368 sənədli film çəkmişlər. Onların 15-i ulu öndər Heydər Əliyevə həsr edilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin genişmiqyaslı fəaliyyətindən, habelə şəxsi və ailə həyatından bəhs edən 41 dəqiqəlik filmin əlaqələndiricisi Kamal Gülən, rejissoru Əminə Uludur. Filmin ssenarisi STV-nin Azərbaycan təmsilçiliyi tərəfindən hazırlanmış, çəkilişdə STV-nin arxiv materiallarından istifadə olunmuşdur.
Film iyulun 9 və 10-da Samanyolu televiziyası ilə Türkiyə efirində saat 10.00-da, Azərbaycan və Avropa efirində isə Bakı vaxtı ilə saat 10.50-də göstəriləcəkdir. Film iyulun 10-da Bakı vaxtı ilə saat 22.00-da təkrar yayımlanacaqdır.
Filmin çəkilişindən əsas məqsəd “Əsrin müqaviləsi” layihəsinin mühüm nəticələrindən olan dünya əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin çəkilişinin başa çatdığı bir dövrdə, Ceyhan terminalının açılış mərasimi ərəfəsində 70 milyonluq qardaş Türkiyənin, eləcə də STV-nin yayımlandığı 130 ölkənin tamaşaçılarına Azərbaycan lideri haqqında ətraflı bilgi verməkdən ibarətdir.
Sənədli film “Bakıda çətin illər”, “Azərbaycan müstəqil olur”, “Siyasətdə ilk addımlar”, “İndi xidmət vaxtıdır”, “İnkişaf edən Azərbaycan”, “Avropa parlamenti və xarici əlaqələr”, “Türkiyə-Azərbaycan”, “Diaspor”, “Gənclər və idman”, “Mədəniyyət və sənət” adlı on bölümdən ibarətdir.
Film Prezident İlham Əliyevin qısa tərcümeyi-halının xatırlanması ilə başlanır, sonra gənclik illərindən bəhs edilir. Sənədli kadrlar İlham Əliyevin Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti, Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Baş nazir və ölkə Prezidenti vəzifələrində fəaliyyəti barədə geniş məlumat verir. SSRİ-nin son illərində Azərbaycanda milli hərəkat, 20 Yanvar qırğını, müstəqilliyin ilk illərində yaşanmış siyasi çaxnaşmalar, böhranlar, Xocalı soyqırımına dair kadrlar da filmdə öz əksini tapmışdır.
Filmdə Prezident İlham Əliyevin siyasətə gəlişindən, dövlətçiliyimizin möhkəmlənməsi yolunda fəaliyyətindən bəhs olunarkən vurğulanır ki, hər siyasətçinin oğlu mütləq siyasətçi olmalı deyil, ancaq İlham Əliyev ailəsində aldığı tərbiyə və atası Heydər Əliyevdə gördüyü yüksək əxlaq və ədalətlilik sayəsində siyasətçi olmağı qərara aldı.
Dahi şəxsiyyət Heydər Əliyevin, ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva haqqında söylənən fikirlər, göstərilən kadrlar dövlətimizin başçısının boya-başa çatdığı bu nəcib ailə haqqında da tamaşaçıda dolğun təəssürat yaradır.
Sənədli filmdə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Azərbaycanın ictimai-mədəni, iqtisadi və siyasi inkişafı, regional iqtisadi layihələr, o cümlədən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri layihəsinin uğurla başa çatdırılması sahəsində Prezident İlham Əliyevin gördüyü genişmiqyaslı işlər, xarici səfərləri, dünyanın nüfuzlu siyasi xadimləri ilə görüşləri də geniş işıqlandırılmışdır.