TÜRKİYƏNİN TV-8 KANALI PREZİDENT HEYDƏR ƏLİYEV HAQQINDA FİLM ÇƏKMİŞDİR
AZƏRTAC-ın müxbiri bir-birindən maraqlı kadrlara verilən şərhi cüzi ixtisarla qələmə almışdır. Filmdə deyilir: “... DTK, Sovetlərin gizli xidmət orqanı. Bu orqanda general rütbəsinə qədər yüksələn ilk türk Əlirza oğlu Heydər Əliyev.
Necə oldu ki, Heydər Əliyev DTK generalı rütbəsinə, oradan Siyasi Büronun zirvəsinə qalxdı, dünyada tanınan 5-6 şəxsiyyətdən biri oldu?! O, böyük bir dövlətdə bu vəzifələrə irəli çəkilən ilk türk oğlu idi...”
Filmin ssenari müəllifi Banu Avar bu şərəfli yola işıq salır, Heydər Əliyevin həyatını, Azərbaycan xalqı qarşısındakı xidmətlərini diqqətə çəkir və belə bir həqiqəti bir daha təsdiqləməyə çalışır:
Tarixi qüdrətli şəxsiyyətlər yaradır. Filmdə məhz Heydər Əliyev dühasının yaratdığı tarix əks olunur.
Filmdə daha sonra deyilir:
“... Heydər Əliyev gənc yaşlarında Dövlət Təhlükəsizliyi Komitəsində işə cəlb olunur. Dünya ikinci cahan müharibəsinin astanasındadır. SSRİ-nin ağır dövrü. Heydər Əliyev hadisələri, siyasi prosesləri dəqiq təhlil etmək bacarığı ilə başqalarını üstələyir. Sovetlər müharibədən qalib çıxır. Stalin erası başa çatandan sonra ermənilərin Siyasi Büroda gürcüləri üstələdikləri bir dövrdə belə onu dayandıra bilmirlər. Heydər Əliyev öz bacarığı ilə nəinki vəzifə pillələrində irəliləyir, O, həmçinin azərbaycanlıları, Azərbaycanı bəlalardan qoruyur.
... Siyasi proseslər, hakimiyyət dəyişiklikləri. Leonid İliç Brejnev hakimiyyətə gəlir. 1969-cu ildə Heydər Əliyev Azərbaycana rəhbər təyin olunur. Azərbaycanın çiçəklənməsi, inkişafı da məhz bu dövrdən başlayır. Ölkənin iqtisadiyyatı dirçəlməyə başlayır.
...1982-ci il. Onun idarəçilik bacarığı yenə də diqqətdən kənarda qalmır və bu dəfə Heydər Əliyev Sov. İKP MK Siyasi Bürosuna üzv seçilir, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə yüksəlir. Burada da Heydər Əliyev doğma Azərbaycanının qayğısını çəkir. O, nəinki Azərbaycanın, eləcə də bütün türk dünyasının qeydinə qalır.
...L.İ.Brejnevin ölümündən sonra yenə də hakimiyyət oyunları. Bir tərəfdən də ermənilər öz çirkin əməllərindən əl çəkmir, Heydər Əliyevə, Azərbaycana qarşı hücuma keçirlər. Bir Türk oğlunun dünyada tanınan 5 liderdən biri olması, Azərbaycanın çiçəklənməsi mənfur qonşuları rahat buraxmır. Mixail Qorbaçovun hakimiyyətə gəlməsi ermənilərə şans verir. 1988-ci ildən başlayaraq ermənilər Azərbaycana, Heydər Əliyevə qarşı açıq müharibəyə qalxır, Azərbaycanın bir hissəsi olan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə qərar qəbul edirlər. Qorbaçovun fitnəkarlığı onları daha da azğınlaşdırır. Qorbaçov və onun ermənipərəst ətrafı Heydər Əliyevi hər tərəfdən blokadaya alırlar. Bu zaman Azərbaycana rəhbərlik edənlərin səriştəsizliyi üzündən xaos başlayır. 1990-cı il yanvar ayının 20-də sovet qoşunları Bakıya girir, günahsız dinc insanlar şəhid olur, yaralanır və itkin düşür. Heydər Əliyev buna etiraz olaraq Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək, öz həyatını böyük və ciddi təhlükə altına ataraq hadisəni və onu törədənləri qətiyyətlə pisləyir. Belə ağır məqamda Vətəninə gəlmək, xalqının yanında olmaq istəyir. Ancaq buna imkan verilmir. Onun Azərbaycana gəlməsini istəyənlər çoxdur. Biri Əjdər Xanbabayev. Amma onu öldürürlər. Buna baxmayaraq, Heydər Əliyev yenə də öz həyatını təhlükə altına ataraq gizli yolla Naxçıvana gələ bilir. Naxçıvan Ali Məclisinin sədri seçilir. Burada ona rahatlıq yoxdur. Ermənilər Naxçıvana hücumlar təşkil edir, torpaqları işğal etməyə çalışırlar. Azərbaycan daha qarışıq vəziyyətdədir. Bu zaman Heydər Əliyev qardaş Türkiyəyə üz tutur və Süleyman Dəmirəllə görüşməyə nail olur. Qardaş Türkiyənin dəstəyi ilə Naxçıvana təcavüzün qarşısını ala bilir. Amma bu hələ bütün Azərbaycan deyildi.
...1992-ci il. Ayaz Mütəllibov DTK generallarının gücü hesabına hakimiyyəti əldən vermək istəmir. Azərbaycan Xalq Cəbhəsi silah gücünə hakimiyyəti devirir və Əbilfəz Elçibəy prezident seçilir. Amma iş bununla bitmir. Bir tərəfdən ermənilər bir-birinin ardınca Azərbaycan torpaqlarını işğal edir, digər tərəfdən isə daxili çəkişmələr baş alıb gedir. Gəncədən Surət Hüseynov adlı birisi Elçibəydən hakimiyyəti ona verməyi tələb edir. Ölkə vətəndaş müharibəsi ilə üz-üzə qalır. Xalq Heydər Əliyevi Azərbaycana dəvət edir və Elçibəy Bakıdan Kələkiyə qaçır.
Heydər Əliyev Azərbaycanı belə ağır vəziyyətdə başsız qoya bilməzdi. O, Bakıya gəldi və Surət Hüseynova barışıq təklif etdi, baş nazir təyin etdi. Sonra isə onun necə savadsız və bacarıqsız olduğunu xalqa nümayiş etdirməklə öz yerində oturtdu. Ermənistan-Azərbaycan müharibəsində atəşkəsə nail oldu. Bu, Azərbaycanda ordu quruculuğuna başlamağa və ölkənin iqtisadi potensialını gücləndirməyə, eləcə də siyasi sabitlik yaratmağa imkan verirdi.
Heydər Əliyev Azərbaycanın iqtisadi inkişafı, ölkəsini dünyaya tanıtmaq üçün nələr etmir. Amma nə edəsən ki, hələ də qara qüvvələr, qara buludlar Azərbaycanın başı üzərindən çəkilmirdi. Radikal müxalifət xarici qüvvələrin dəstəyi ilə ölkədə qarşıdurma yaratmağa çalışırdı. Heydər Əliyev Nyu-Yorkda olarkən Bakıda dövlət çevrilişinə cəhd edilir, onun yaxın silahdaşlarından ikisi qətlə yetirilir.
Heydər Əliyevin özünə sui-qəsd hazırlanır. O, bu təhlükədən də qorxmur, Vətənə qayıdır. “Əsrin müqaviləsi”ni imzalaya bilir. Sonra Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin çəkilişi ilə bağlı layihələrin gerçəkləşməsi üçün qətiyyətli addımlar atır. Amma bunlar bu böyük insanın sağlamlığına ziyan vurmaya bilməzdi. O, yorulmadan çalışırdı. Bu qədər gərginlik onun sağlamlığına təsir etməyə bilməzdi. Heydər Əliyev ilk öncə Türkiyəyə gəlir, sonra isə ABŞ-a üz tutur. Azərbaycanda yeni prezident seçkiləri və Heydər Əliyev siyasi kursunun qələbəsi. Müxalifət bu dəfə də hakimiyyətə zorla gəlmək istəyir. Onlara imkan verilmir.
Bu gün böyük türk oğlu yoxdur. Amma həyat davam edir. Azərbaycan həyatın gələcək sınaqlarından uğurla çıxacaqdır. Bunu gələcək göstərəcəkdir.
Filmdə görkəmli siyasi xadim, Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl, Azərbaycanın İstanbuldakı Baş konsulu İbrahim Yaqubov, tanınmış jurnalist-siyasi şərhçi İrfan Ülki, mədəniyyət xadimi Namiq Kamal Zeybək Prezident Heydər Əliyevlə bağlı xatirələrini danışırlar.