TÜRKİYƏNİN XARİCİ İŞLƏR NAZİRİ QAFQAZ UNİVERSİTETİNİN QONAĞI OLMUŞDUR
Abdullah Gül Azərbaycan xalqının ümummilli liderinin xeyir-duası ilə 1993-cü ildə yaradılan bu təhsil ocağına daxil olarkən “Qafqaz Universiteti Heydər Əliyevin əsəridir” transparantını oxuyaraq dedi: “Ulu öndərimizin “bir millət, iki dövlət” kəlamını biz daim əməlimizdə və ürəyimizdə yaşadırıq. Biz ondan çox şey öyrəndik. Allah ona rəhmət eləsin!”.
Görüşdə Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç, “Çağ” Öyrətim İşlətmələri MMM-in prezidenti Ənvər Özərən çıxış edərək, iki qardaş ölkənin səmərəli təhsil əlaqələrinin yüksək səviyyədə inkişaf etməsində dahi şəxsiyyət Heydər Əliyevin müstəsna xidmətləri olduğunu və hazırda bu əməkdaşlığın Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini vurğulamışlar. Sonra Azərbaycanda təhsilin hərtərəfli inkişafından və Qafqaz Universitetinin fəaliyyətindən bəhs edən film nümayiş olunmuşdur.
Abdullah Gül Azərbaycanın hazırda çox sürətlə inkişaf etdiyini və qardaş Türkiyənin buna çox sevindiyini bildirmişdir. Azərbaycanda təhsilə göstərilən yüksək qayğının xalqın parlaq gələcəyindən xəbər verdiyini deyən nazir ölkəmizdəki özəl ali məktəblər arasında Qafqaz Universitetinin yüksək reytinqə malik olmasını, paytaxtda və bölgələrdə “Çağ” Öyrətim İşlətmələri MMM-in liseylərinin və hazırlıq kurslarının fəaliyyət göstərməsini və onların şagirdlərinin beynəlxalq fənn olimpiadalarında Azərbaycanı uğurlu təmsil etməsini iftixar hissi ilə vurğulamışdır.
Nazir Azərbaycan–türk liseylərinin 9 şagirdini son bir ildə beynəlxalq fənn olimpiadasında medal qazanması münasibətilə təbrik etmiş, onlara öz hədiyyəsini vermişdir. Universitet rəhbərliyi hörmətli qonağa ali məktəbin xatirə hədiyyəsini təqdim etmişdir.