Türkmənistan nümayəndəsi: Azərbaycanda alternativ enerjinin tətbiqi istiqamətində həyata keçirilən layihələri izləyirik VİDEO
Bakı, 20 may, AZƏRTAC
Türkmənistanın Arkadağ şəhəri müasir şəhərsalma prinsipləri əsasında formalaşdırılır və həmin yaşayış məntəqəsinin əsas sakinlərini gənclər təşkil edir.
AZƏRTAC xəbər verir ki, bu fikri Türkmənistan nümayəndəsi İrina Qrişkova Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində AZƏRTAC-a açıqlamasında səsləndirib.
O bildirib ki, Arkadağ şəhəri Türkmənistanın gənc şəhəri kimi təqdim olunur: “Şəhər yalnız yaşı baxımından deyil, həm də burada yaşayan gənclərin faiz göstəricisinə görə ölkənin gənc şəhəri hesab edilir”.
İrina Qrişkova bildirib ki, Azərbaycan son illər şəhərsalma sahəsində ekologiya və alternativ enerji mənbələrinin tətbiqinə xüsusi diqqət yetirir və bu təcrübə Türkmənistan üçün də maraq doğurur. “Azərbaycanda alternativ enerji mənbələrinin tətbiqi istiqamətində həyata keçirilən layihələri diqqətlə izləyirik və bu təcrübədən faydalanmağa çalışırıq. Hazırda ölkəmizdə dəmir yolu vağzalı və avtovağzal kimi iri obyektlərdə Günəş enerjisindən istifadə olunur”, – deyə o bildirib.
Türkmənistan nümayəndəsinin sözlərinə görə, alternativ enerjinin tətbiqi enerji istehlakının optimallaşdırılmasına və ətraf mühitə təsirlərin azaldılmasına xidmət edir: “Bu yanaşma dövlət enerji şəbəkəsinə düşən yükü azaltmaqla yanaşı, atmosferə atılan tullantıların həcminin azalmasına da töhfə verir”.