TÜRKPA-ya üzv dövlətlər arasında elm və texnologiya sahəsində əlaqələr daha da genişləndirilməlidir
Bakı, 4 mart, AZƏRTAC
TÜRKPA yarandığı gündən türkdilli ölkələr arasında əlaqələrin möhkəmləndirilməsi, genişləndirilməsi istiqamətində mühüm addımlar atıb. Biz parlamentarilər olaraq üzv dövlətlərdə qanunvericiliyin, qanunların bir-birinə yaxınlaşdırılması, uyğunlaşdırılması istiqamətində işləyirik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının 11-ci iclasında deyib.
O bildirib ki, TÜRKPA öz fəaliyyət arealları daxilində vacib qanunvericilik aktlarının üzv dövlətlər arasında inteqrasiyasında böyük rol oynayıb. “Bizim bugünkü iclasımız elm və texnologiyaların inkişafına həsr edilib. Üzv dövlətlər arasında elm və texnologiya sahəsində əlaqələr mövcuddur. Bu əlaqələrin daha geniş miqyasda, həmçinin səmərəli olması üçün qanunvericilik aktlarının bir-birinə inteqrasiyası çox vacibdir”, - deyə Ə.Əmiraslanov qeyd edib.