Turşsu uşaq musiqi məktəbində “Şuşa İli”nə həsr olunan konsert təşkil edilib
Sumqayıt, 21 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Şuşa rayon Turşsu kənd uşaq musiqi məktəbində “Şuşa İli”nə həsr olunan konsert keçirilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, geniş konsert proqramında Abşeron rayonunun Qobu qəsəbəsində fəaliyyət göstərən məktəbin yetirmələri ilə yanaşı, “Təbəssüm” rəqs qrupu da iştirak edib. Yaradıcı kollektivin ifasında “Xarıbülbül” rəqsi, musiqi məktəbinin xanəndə sinfinin şagirdlərinin ifasında isə “Xudayar” təsnifi və “Sarı bülbül” xalq mahnısı təqdim olunub.
Proqramın davamı olaraq məktəbin xanəndəlik sinfinin müəllimləri Murad Kəngərli və Qurban Həsənovun ifalarında “Qarabağ” və “Şuşalısan sən” mahnıları səsləndirilib.
Sonda Şuşaya həsr edilmiş rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.