ÜÇ NƏFƏR AZYAŞLINI QƏTLƏ YETİRMİŞ CİNAYƏTKAR TUTULMUŞDUR
Həmin faktla əlaqədar iyunun 8-də Bakı şəhəri Binəqədi Rayon Prokurorluğu tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq, qəsdən başqa cinayəti gizlətmə məqsədi ilə və iki, yaxud daha çox şəxsi öldürməyə cəhd etməyə görə cinayət məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 177.2.3-cü, 29,120.2.6-cı, 29,120.2.7-ci maddələri ilə cinayət işi başlanmışdır.
Aparılmış məqsədyönlü istintaq hərəkətləri nəticəsində hadisənin isti izlərlə açılması təmin edilərək, cinayətin Abşeron rayonunun Hökməli kənd sakini, 1981-ci il təvəllüdlü Tağıyev Rəşad Misirağa oğlu tərəfindən törədildiyi məlum olmuşdur.
İstintaqla müəyyən edilmişdir ki, Xırdalan qəsəbəsinin Yeni Yaşayış massivindəki çörək sexində işləyən Rəşad Tağıyev iyunun 8-də saat 21 radələrində işə gedərkən yolda əvvəllər onunla birlikdə işləmiş Emil Rüstəmovun atasını görüb Emilin evdə olmadığını öyrənmiş və iş yerinə gələrək çörək sexinin həyətində gizlətdiyi əldə düzəldilmiş bıçağı götürüb Rüstəmovların mənzilinə gedərək oğurluq etməyi qərara almışdır. R.Tağıyev eyvanda olan azyaşlı Fidan Rüstəmovadan qardaşı Emili soruşaraq onun evdə olmadığını dəqiqləşdirdikdən sonra pəncərədən mənzilə daxil olub 150 ABŞ dollarını götürmüşdür. O, törətdiyi cinayəti gizlətmək üçün üstündəki bıçaqla, əvvəlcə mətbəxə daxil olan və onu görüb qışqıran azyaşlılar –F idan Rüstəmovaya, sonra isə onun pilləkəndə rastlaşdığı qardaşı Fariz Rüstəmov və onlara qonaq gəlmiş Şöhrət Sadıxova qəsdən öldürmək məqsədi ilə bıçaqla ağır xəsarətlər yetirmişdir.
Törətdiyi cinayət əməlinə görə Rəşad Tağıyev iyunun 14-də yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq, qəsdən başqa cinayəti gizlətmə məqsədi ilə və iki, yaxud daha çox şəxsi öldürməyə cəhd etməyə görə cinayət məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 177.2.3-cü, 29,120.2.6-cı, 29,120.7-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində Binəqədi Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmişdir.