UKRAYNA ALİ RADASI SƏDRİNİN AZƏRBAYCANA RƏSMİ SƏFƏRİ
Binə hava limanında hörmətli qonağı Milli Məclisin sədri Murtuz Ələsgərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Milli Məclisin Ukrayna parlamenti ilə dostluq qrupunun üzvləri, Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev, Ukraynanın Azərbaycandakı səfiri Boris Aleksenko və digər rəsmi şəxslər qarşıladılar.
Ukrayna Ali Radasının sədri səfərlə bağlı jurnalistlərə müsahibəsində dedi: “Bu səfəri səbirsizliklə gözləyir və ona çoxdan hazırlaşırdım. Gözəl ölkənizdə heç vaxt olmasam da, burada mənim yaxşı dostlarım vardır. Onları görmək istəyirdim. Unudulmaz Heydər Əliyevi yaxşı tanıyırdım, ona böyük hörmət bəsləyirəm, tez-tez görüşərdik.
Səfərin əməli tərəfinə gəldikdə isə, ölkələrimizin inkişaf səviyyəsi səylərimizin əlaqələndirilməsini tələb edir. Biz ölkələrimizin inkişafını, regionda təsirini sürətləndirmək, regional əməkdaşlığı, o cümlədən GUÖAM çərçivəsində əməkdaşlığı gücləndirmək üçün nə etdiyimizi, bundan sonra nə etməli olduğumuzu birgə araşdırmalıyıq. Əlbəttə, Ukraynanın öz maraqları da vardır. Məsələn, Avrasiya neft nəqli dəhlizi ideyasının reallaşdırılmasını təmin etmək, fikrimcə, həm Ukrayna, həm Avropa, həm də, təbii ki, sizin ölkəniz üçün sərfəli olacaqdır. Planlarımız böyükdür. Əminəm ki, danışıqlarımız səmərəli olacaq, parlamentlərarası assambleya yaradılmasının zəruriliyi ideyasını reallaşdıracağıq.
Vladimir Litvin jurnalistləri maraqlandıran suallara da cavab verdi.
Səfərdə Ali Radanın sədrini Ukrayna parlamenti və hökumətinin nümayəndələri müşayiət edirlər.