Ukrayna mətbuatına Fransada AzTV əməkdaşlarının hücuma məruz qalmasına dair müraciət ünvanlanıb
Bakı, 29 iyun, AZƏRTAC
AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova üzrə xüsusi müxbiri Emil Hüseynli “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin əməkdaşlarının Fransada hücuma məruz qalması ilə bağlı müraciət ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, müraciət Ukraynanın 30-dan çox informasiya agentliyi, portal və qəzetinə ünvanlanıb. Müəllif Ukrayna mətbuatını Fransada söz və ifadə azadlığına qarşı zorakılığı pisləməyə çağırıb.
Müraciətdə, həmçinin qeyd olunur ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC əməkdaşlarının Fransada hücuma məruz qalması ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir: “Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Fransada çəkiliş apararkən hücuma məruz qalıblar. Nəticədə müxbir və operator yüngül bədən xəsarətləri alıblar, çəkiliş kamerası isə əllərindən alınaraq sındırılıb. Əməkdaşlar kameranı geri tələb edərkən onları silahla hədələyiblər.
Azərbaycan Televiziya və Radio Verilişləri QSC olaraq baş verənləri şiddətlə qınayır, baş vermiş hadisəni yalnız Azərbaycan jurnalistlərinə deyil, ümumilikdə söz və ifadə azadlığına, azad jurnalistika fəaliyyətinə basqı hesab edirik. Biz Fransanın hüquq mühafizə orqanlarından bu hadisəni obyektiv araşdırmağı, jurnalistlərə silahlı hücum edən şəxslərin müəyyənləşdirilməsini və cəzalandırılmasını, dəymiş zərərin ödənilməsi üçün lazımi tədbirlər görməyi tələb edirik”.