DÜNYA
Ukrayna və Rusiya sülh danışıqları astanasında?
Kiyev, 3 avqust, AZƏRTAC
Ukrayna ilə Rusiya arasında sülh danışıqlarının başlanması üçün diplomatik kanalların fəaliyyəti intensivləşib. Tezliklə İkinci Sülh Sammitinin keçirilməsi, orada Ukrayna və Rusiyanın masa arxasında müzakirələrə başlaması ehtimalı artmaqdadır. Bu günlərdə Ukrayna Prezidenti Volodimir Zelenski xarici mediaya müsahibəsində bəyan etdi ki, İkinci Sülh Sammiti çərçivəsində iki ölkə arasında danışıqlar başlaya bilər.
Ukrayna Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin sədri, siyasi-hərbi ekspert Sergey Kuzan AZƏRTAC-a açıqlamasında bildirib ki, Ukrayna Prezidentinin funksiyası müharibə ilə yanaşı, həm də diplomatik danışıqları davam etdirməkdir.
“Hazırda Prezident hər iki sahədə siyasətini davam etdirir. Sözsüz ki, Ukrayna ordusunun əsas işi cəbhədə uğurlu əməliyyatlarını davam etdirmək, daha sərfəli mövqelər ələ keçirməkdir. Ancaq bununla bərabər, siyasi, diplomatik danışıqların aparılması heç də az əhəmiyyət kəsb etmir. Bu baxımdan Ukrayna Prezidenti diplomatik cəbhədə də mübarizəsini davam etdirir. Prezident Volodimir Zelenskinin və onun komandasının ölkəmizin sülh planı istiqamətində fəaliyyəti düzgün, düşünülmüş addımdır”, - deyə Sergey Kuzan əlavə edib.
Tərəflərin müəyyən etdiyi “qırmızı xətlər”in sülh danışıqlarının başlanması üçün əngəllər törədəcəyini düşünən siyasilər indi artıq daha yumşaq bəyanatlar verirlər. İlin sonuna doğru Ukrayna və Rusiyanın bir masa arxasında əyləşə bilmə ehtimalını düşünürlər. Sülh danışıqlarının başlanması üçün vasitəçi ölkələrin əl uzatmalarına baxmayaraq, siyasi şərhçilər Ukrayna və Rusiyanın özlərinin sülh planlarını daha effektiv sayırlar.
Ukraynanın özünün sülh planının daha vacib və prioritet olduğunu vurğulayan Sergey Kuzan deyib: “Bir çox misallar çəkmək olar. Çinin sülh planı, Braziliyanın sülh missiyası mövcuddur. Bu yaxınlarda Macarıstanın Baş naziri Viktor Orbanın sülh planı üçün tərəflər arasında vasitəçilik missiyasını gördük. Türkiyə Prezidenti Ərdoğan da sülh planı ilə bağlı bəyanatlar verib. Lakin Ukrayna dövləti sülh danışıqları missiyasını öz üzərinə götürmək niyyətində olduğunu nümayiş etdirir. Müharibənin ədalətli, beynəlxalq hüququn prinsipləri çərçivəsində başa çatması üçün danışıqlara hazır olduğunu bildirir. Artıq diplomatik missiyanın bu istiqamətdə kompleks fəaliyyəti müşahidə olunur. Biz İsveçrədə böyük sülh konfransının şahidi olduq, Ukraynanın özünün sülh missiyasını gördük. Birinci mərhələdə Ukrayna tərəfdaş ölkələrlə sülh planını müzakirə etdi, növbəti mərhələdə isə sülh danışıqlarında Rusiyanın da iştirakını arzulayır”.
Proseslərin görünən tərəfi budur ki, Ukrayna hazırda ədalətli sülhün əldə olunması istiqamətində diplomatik səylərini davam etdirir. Tərəflər tezliklə hər hansı ilkin şərtlər irəli sürmədən danışıqlara başlayarsa və atəşkəs rejiminə nail olunarsa, o zaman real sülhə doğru yolun açılması üçün ümidlər də doğrular.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev