Ukraynada 20 Yanvar şəhidlərinin xatirəsi yad olunmuşdur
Bakı, 20 yanvar (AZƏRTAC). Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) təşkilatçılığı ilə Kiyev şəhərində 20 Yanvar şəhidlərinin xatirəsi “Ülviləşən Mübariz” devizi altında yad edilmişdir.
Birlikdən AZƏRTAC-a bildirmişlər ki, mərasimdə Azərbaycanın Kiyevdəki səfirliyinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ukraynadakı nümayəndəliyinin təmsilçiləri, Ukrayna gənclər təşkilatları və media qurumlarının nümayəndələri iştirak etmişlər.
Tədbirdə UAGB sədrinin müavini İlhamə Allahverdiyeva Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman oğul və qızlarımızın şanlı mübarizə yolundan danışmışdır. Bildirmişdir ki, anma mərasiminin “Ülviləşən Mübariz” devizi altında keçirilməsinin məqsədi Qanlı Yanvar gecəsində sinəsini azadlığımıza və müstəqilliyimizə tuşlanmış gülləyə sipər edərək şəhid olmuş 20 yaşlı şair Ülvi Bünyadzadə ilə bu faciədən 20 il sonra Vətənimizin bütövlüyü naminə düşmənə sarsıdıcı zərbə vuraraq qəhrəmanlıq zirvəsinə ucalmış Mübariz İbrahimovun indiki gənc nəslə örnək qoyub getdikləri ülviləşən mübarizə yolunu davam etdirməkdir.
Mərasimdə ARDNŞ-in Ukrayna nümayəndəliyinin rəhbəri Elçin Məmmədov, Azərbaycanın Kiyevdəki səfirliyinin nümayəndəsi Ruslan Qurbanov, Ukrayna gənclər təşkilatlarının rəhbərləri Yuna Şeyxaliyeva, Roman Qriqorişin çıxış edərək 20 Yanvar faciəsinin Azərbaycan xalqının tarixində əsl qəhrəmanlıq salnaməsi olduğunu vurğulamışlar.
UAGB-nin üzvləri Araz Cəlilov, Rövşən Nəcəfov, Oksana Əliyeva, Elməddin Zərbəlizadə, Toğrul Rəsulov böyük qəhrəmanlıq ənənələrinə malik Azərbaycan xalqının tezliklə öz ərazi bütövlüyünü bərpa edəcəyinə əmin olduqlarını, Vətən naminə canlarını fəda edənlərin xatirəsinin heç vaxt yaddaşlardan silinməyəcəyini bildirmişlər.
Tədbirdə Azərbaycan və Ukrayna dövlət televiziyalarının birgə layihəsi əsasında çəkilmiş “Qanlı 20 Yanvar faciəsi” filmi göstərilmiş, Azərbaycan Gənclər Mərkəzində “Qanlı Yanvar” mövzusunda sərgi nümayiş olunmuşdur.
Sonda UAGB-nin sədri Anar Tahirov Azərbaycan həqiqətlərinin Ukrayna ictimaiyyətinə çatdırılmasında xidmətləri olan bir qrup gəncə birliyin keçən il Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə təsis etdiyi “Gənc Mübariz” fəxri diplomunu təqdim etmişdir.