Ukraynalı balet ulduzları “Don Kixot” baletinin tamaşasında iştirak edəcəklər
Bakı, 2 noyabr (AZƏRTAC). Noyabrın 9-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında L.Minkusun “Don Kixot” baletinin tamaşası keçiriləcəkdir.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tamaşada əsas rollarda Ukrayna Milli Operasının aparıcı solistləri - Ukraynanın Əməkdar Artisti Tatyana Lyozova (Kitri) və balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Andey Qura (Bazil) çıxış edəcəklər.
Ukrayna operasının əsas solistlərindən biri olan Tatyana Lyozova hazırda truppanın ən populyar və istedadlı artistlərindən biridir. T.Lyozova vətəni Ukraynada çıxış etməklə yanaşı, bir çox xarici ölkələrdə böyük uğurla keçən qastrol səfərlərində olmuşdur.
Xarici kütləvi informasiya vasitələrində T.Lyozovanın çıxışları həmişə yüksək qiymətləndirilmişdir. Tənqidçilər isə onu müasir dövrün klassik balet sənətinin həqiqi ulduzu kimi dəyərləndirmişlər.