Ukraynalı hüquq müdafiəçisi: 100 il əvvəl azərbaycanlılara qarşı törədilənlər soyqırımı aktıdır
Odessa, 2 aprel, AZƏRTAC
Yüz il bundan əvvəl Azərbaycan xalqı çox ağır faciə ilə üzləşib. 1918-ci ildə ermənilərin bolşeviklərin gücünə arxalanaraq qısa müddətdə Azərbaycanın müxtəlif yaşayış məntəqələrində əlli mindən çox insanı, xüsusən də uşaqları, qadınları, yaşlı insanları qətlə yetirmələri əsl vandalizm və soyqırımı aktıdır.
AZƏRTAC xəbər verir ki, bu fikri Odessa şəhərində 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım mərasimində çıxışı zamanı ukraynalı hüquq müdafiəçisi Olqa Ruseva söyləyib.
O deyib ki, dünya birliyinin indiyədək belə bir bəşəri cinayətə heç bir reaksiya verməməsi təəssüf doğurur. Bu, sadəcə tarixi ədalətsizlikdir. Dünya birliyi bu tarixi cinayətlərə öz kəskin münasibətini bildirməlidir ki, belə faciələr bir daha təkrarlanmasın.
Tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin Ukraynadakı nümayəndəsi Natiq Nağıyev, Odessa Azərbaycanlıları Konqresinin sədri Namiq Hacıyev, konqresin sədr müavini Namiq Talıbov, hüquq müdafiəçisi Tanrıverdi Tanrıverdiyev, konqresin hüquq komitəsinin sədri Zaur Səfərov və digər soydaşlarımız çıxış edərək ermənilərin son iki əsrdə Azərbaycan torpaqlarına və xalqına qarşı həyata keçirdikləri işğalçılıq və soyqırımı siyasətinə görə beynəlxalq məhkəmə qarşısında cavab verəcəklərini bildiriblər.
Çıxış edənlər ermənilərin xalqımızın başına gətirdikləri vəhşiliklərə 1998-ci ildə ulu öndər Heydər Əliyevin tərəfindən hüquqi-siyasi qiymət verilməsini müdrik və uzaqgörən siyasətin bariz nümunəsi kimi səciyyələndiriblər.
Anım mərasimində soyqırımı qurbanlarının ruhlarına dualar oxunub. Odessa Azərbaycanlıları Konqresinin fəalları havaya qara şarlar buraxmaqla şəhər sakinlərinin diqqətini 100 il bundan öncə ermənilərin Azərbaycanda törətdikləri vəhşiliklərə yönəldiblər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Odessa