Ulu Öndər cəmiyyətdə qadın sahibkarlığın inkişafına həmişə diqqət göstərirdi - Açıqlama
Bakı, 23 iyun, AZƏRTAC
Azərbaycan iqtisadiyyatının inkişafı birmənalı olaraq Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin hazırkı dayanıqlı, müasir və hərtərəfli inkişafı, Ulu Öndər Heydər Əliyevin qoyduğu sağlam təməl sayəsində mümkün olub. Bu təməl gələcək inkişaf üçün də sağlam bir özül təşkil etməkdədir.
Bu barədə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva AZƏRTAC-a açıqlamasında deyib.
S.Babayeva vurğulayıb ki, Ulu Öndərin hakimiyyətə gəlişindən sonra Azərbaycanda iqtisadiyyatın inkişafı və qadın sahibkarlar sinfinin yaranması istiqamətində ilk uğurlu və səriştəli addımlar atıldı. Məhz 1993-cü ilin iyulundan sonra Azərbaycanda aparılan məqsədyönlü siyasət və həyata keçirilən sistemli tədbirlər nəticəsində iqtisadi tənəzzüldən çıxış yolları tapıldı və ölkədə makroiqtisadi sabitliyə nail olundu. Yenicə yaranmaqda olan özəl sektora hərtərəfli dövlət dəstəyi göstərildi. Hazırlanan hüquqi baza sayəsində, iqtisadi inkişafın lokomotivi olan sahibkarlar sinfinin formalaşması üçün əlavə imkanlar yaradıldı.
Ulu Öndər cəmiyyətdə qadınların üzərinə daim böyük vəzifələr düşdüyünü, lakin onların bu vəzifələri şərəflə yerinə yetirdiyini və həmişə olduğu kimi indi də cəmiyyətdə aparıcı rol oynadıqlarını bildirirdi.
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda qadınların birinci qurultayındakı nitqi zamanı ölkədə aparılan iqtisadi islahatlar barədə danışarkən deyib: “İqtisadi islahatlar, Azərbaycanda iqtisadiyyatı bazar iqtisadiyyatı yolu ilə aparmaq məqsədi daşıyır. Bu, özəlləşdirmə proqramının, torpaq islahatının həyata keçirilməsidir, sahibkarlıq fəaliyyətinin, azad sahibkarlığa imkan yaradılmasıdır. Azərbaycana xarici investisiyaların gəlməsidir, xarici investorların gəlməsi ilə Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiya olunmasıdır. Bunlar hamısı qlobal proqramdır. Biz bu proqramları tətbiq etmişik, son illərdə bunları həyata keçiririk və bilirsiniz ki, uğurlar əldə etmişik”.
Heydər Əliyev Azərbaycan xanımlarının ictimai həyatında fəal olmasını və dövlət xidmətlərində irəli çəkilməsini dəstəkləyərək, qadınların cəmiyyətdəki rolunun artırılmasına çalışırdı: “1979-1982-ci illərdə mənə Heydər Əliyevi görmək iki dəfə qismət oldu. Nəhayət, mən müstəqil Azərbaycanda bir fabrik təmsilçisi kimi onunla görüşdüm. Həmin tarixi gün yerli sahibkarların öz məhsullarını nümayiş etdirə bilmələri üçün sərgi stendlərinin qurulmasına da imkan yaradılmışdı. “Bakı Tekstil Fabriki” həmin vaxtlar hərbi geyimlər və milli aviasiyamız üçün pilot geyimləri istehsal edirdi. Ulu Öndər Heydər Əliyev fabrikimizin stendinə yaxınlaşaraq geyimlər ilə tanış oldu, istehsalın böyüdülməsi və keyfiyyətlə bağlı öz tövsiyələrini verdi. Mən çox fəxr edirdim ki, bir qadın sahibkar kimi onun məsləhətlərini eşidir və qarşımıza qoyduğu planlar barədə onunla həmsöhbət oldum”, - deyə Səkinə Babayeva qeyd edib.
Hazırda da Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası olaraq qadın sahibkarlığında brendləşmə, onların bazara daxil olmaları kimi məsələlərdə xanımlarımızın dayağı, mentoru kimi çıxış edir.
İdarə Heyətinin sədri, həmçinin qeyd edib ki, qadınların sahibkarlıq fəaliyyətinin inkişafı, ölkələrin sosial və iqtisadiyyatı üçün əhəmiyyətli bir addımdır. Dahi şəxsiyyətin dövründə qadınların sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və inkişafı Azərbaycanın sosial və iqtisadi sahədə uğurla inkişaf etməsinə kömək etmişdir və hazırda da bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.