Ulu öndər Heydər Əliyev heç kimdən çəkinmədən faciəni törədənləri cinayətkar adlandırmışdır
Naxçıvan, 17 yanvar (AZƏRTAC). Naxçıvan Tibb Kollecində 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş “Milli qürur günü” mövzusunda konfrans keçirilmişdir.
Kollecdən AZƏRTAC-a bildirmişlər ki, konfransı giriş sözü ilə kollecin direktoru, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İlhamə Mustafayeva açaraq XX əsrdə totalitarizmin həyata keçirdiyi ən qanlı terror aktlarından biri olan 20 Yanvar faciəsinin Azərbaycan xalqına, ümumiyyətlə, humanizmə və insanlığa qarşı yönəldilmiş dəhşətli cinayət olduğunu söyləmişdir. O müdhiş gecə tariximizə təkcə faciə kimi deyil, həm də Azərbaycan xalqının milli azadlıq hərəkatının qəhrəmanlıq günü kimi daxil olmuşdur. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə yüzlərlə qəhrəman oğul və qızımız təpədən dırnağadək silahlanmış sovet qoşunlarının qarşısına əliyalın çıxmağa qadir olduqlarını dünyaya sübut etmişlər. Həmin gün sovet rejiminin hərbi təcavüzünə məruz qalmış xalqımız öz qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bir daha göstərmişdir.
Bu qanlı hadisəyə ilk olaraq ulu öndər Heydər Əliyevin kəskin münasibət bildirdiyini diqqətə çatdıran kollecin direktoru vurğulamışdır ki, Ümummilli Lider həyatını təhlükə qarşısında qoyaraq 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bəyanat vermiş, Mixail Qorbaçovun xalqımıza düşmən siyasətini ifşa etmiş, heç kimdən çəkinmədən faciəni törədənləri cinayətkar adlandırmışdır.
20 Yanvar hadisələrinə ilk dəfə hüquqi-siyasi qiymət də Ulu Öndərin rəhbərliyi ilə Naxçıvanda verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il 21 noyabr tarixli sessiyasında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilən “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” Qərarda ilk dəfə olaraq Yanvar hadisələrinə siyasi qiymət verilmiş, törədilən qırğının təşkilatçılarının məsuliyyətə cəlb olunması tələb edilmişdir. Bu tarixi sənəddə 20 Yanvar gününün hər il Naxçıvan Muxtar Respublikasında “Milli Matəm Günü” kimi qeyd olunması da öz əksini tapmışdır. 1992-ci il yanvarın 13-də isə daha bir tarixi addım atılmış, “1990-cı ilin yanvar ayında Bakı faciəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Rəyasət Heyətinin bəyanatı” qəbul olunmuşdur.
Bildirilmişdir ki, Prezident İlham Əliyev də Vətənin azadlığı uğrunda canından keçmiş şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün bütün zəruri tədbirləri həyata keçirir. Müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin həlli istiqamətində böyük işlər görülür, onların sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir. Dövlət başçımızın “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2006-cı il 19 yanvar tarixli Fərmanı bu baxımdan müstəsna əhəmiyyət kəsb edir. Bütün bunlar ölkə rəhbərinin 20 Yanvar şəhidlərinə, bütövlükdə, Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda canından keçmiş şəhidlərimizə, onların ailələrinə göstərdiyi diqqət və qayğının təzahürüdür.
Çıxışlardan sonra 20 Yanvar faciəsinə həsr olunmuş sərgi və sənədli film nümayiş etdirilmişdir.