Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi İordaniyada da qeyd edilib
Bakı, 10 may, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə mayın 10-da Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı səfirliyində tədbir keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Böyük Əmman Bələdiyyəsinin məsul əməkdaşları, İordaniya paytaxtının Bədr rayon bələdiyyəsinin sədri və üzvləri, yerli KİV nümayəndələri, Azərbaycan diaspora cəmiyyəti və səfirliyin əməkdaşları iştirak ediblər.
Əvvəlcə Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra səfir Rasim Rzayev çıxış edərək, mayın 10-nun Azərbaycan xalqı üçün əlamətdar tarix olduğunu, həmin gündə müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olduğunu vurğulayıb. Bildirib ki, artıq 15 ildir, qədirbilən Azərbaycan xalqı dahi şəxsiyyət Heydər Əliyevin doğum gününü onsuz qeyd edir.
Səfir R.Rzayev tədbir iştirakçılarına ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb, müstəqil Azərbaycanın bir dövlət kimi yaşamasında onun müstəsna xidmətlərini qeyd edib. Ulu Öndərin bir rəhbər kimi bütün müsbət keyfiyyətləri özündə cəmləşdirən nadir şəxsiyyət olduğu, mənalı ömrünü xalqına və Vətəninə həsr etdiyi, ölkənin çətin dövründə xalqın tələbi ilə hakimiyyətə qayıtdığı və onun dəstəyinə arxalanaraq Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, Heydər Əliyev Azərbaycana sabitlik, iqtisadi yüksəliş, sosial rifah, demokratiya gətirib, dövlətin hərtərəfli tərəqqisi üçün addımlar atıb. Onun qətiyyəti və uzaqgörən siyasəti nəticəsində hazırda Azərbaycan regionun lider dövlətinə çevrilib, dünyada nüfuzu yüksəlib, iqtisadiyyatına milyardlarla dollar sərmayə qoyulub.
Tədbir iştirakçıları Ümummilli Liderin mənalı ömrünü əks etdirən fotosərgi və kitablar ilə tanış olublar.
Daha sonra tədbir iştirakçıları Bədr rayonunda Heydər Əliyevin adını daşıyan meydana gələrək, Ümummilli Liderinin xatirəsini ehtiramla yad edib, meydana əklillər düzüblər.