Ulu öndər Heydər Əliyevin xatirəsi Gürcüstanda ehtiramla anılıb
Tbilisi, 10 may, AZƏRTAC
Xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi Gürcüstanda ehtiramla yad olunub.
Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, səfirliyin, konsulluğun əməkdaşları, SOCAR-ın, Azərbaycan Beynəlxalq Bankının, “Paşa Bank”ın, eləcə də bu ölkədə fəaliyyət göstərən digər Azərbaycan şirkətlərinin, şəhər ictimaiyyətinin nümayəndələri mayın 10-da Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkına gələrək Ulu Öndərin abidəsi önünə əklillər qoyub, gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Sonra tədbir iştirakçıları Rustavi şəhərinə gəliblər. Burada da Ümummilli Liderin xatirəsi ehtiramla yad olunub. Ulu Öndərin adını daşıyan parka toplaşanlar Heydər Əliyevin abidəsi önünə əklil və tər çiçəklər qoyublar.
“SOCAR Georgia Petroleum”un direktoru David Zubitaşvili jurnalistlərə müsahibəsində deyib ki, Heydər Əliyev xalqlarımız arasında dostluq əlaqələrinin inkişafında mühüm rol oynayıb. “Mən iki dəfə Heydər Əliyevlə görüşmüşəm və onun gürcü xalqı üçün necə böyük işlər gördüyünün şahidiyəm. Ona görə də fəxrlə deyirəm ki, Heydər Əliyev gürcü xalqının yaxın dostu, həm də xilaskarıdır”, - deyə o əlavə edib.
Art-Paralel televiziya kanalının direktoru, politoloq Tenqiz Txilava bildirib ki, Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütün Cənubi Qafqazın xilaskarıdır. Məhz onun uzaqgörən siyasəti, müdrikliyi nəticəsində Qafqazda sülhə nail olundu. Bu gün regionda həyata keçirilən irimiqyaslı layihələrin də əsas təşəbbüskarı məhz Heydər Əliyevdir. Ona görə də biz Azərbaycan xalqı ilə birlikdə dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xatirəsini anırıq, ona ehtiramımızı göstəririk.
Kvemo-Kartli bölgəsinin qubernatorunun müavini Kaxaber Quqeçaçvili isə deyib ki, Heydər Əliyevin təşəbbüsü və müdrikliyi sayəsində həyata keçirilən layihələr Gürcüstanın inkişafında mühüm rol oynayıb. Biz çox şeyə görə ona borcluyuq. Ona görə də əminliklə deyə bilərəm ki, Heydər Əliyevin əziz xatirəsi gürcü xalqının yaddaşından silinməyəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi