Ulu Öndərin 100 illik yubileyi münasibətilə “İlk Prezident təqaüdçüləri” layihəsinə start verilib
Bakı, 22 fevral, AZƏRTAC
“Heydər Əliyev İli” çərçivəsində Dövlət İmtahan Mərkəzi (DİM) Elm və Təhsil Nazirliyi ilə birgə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “İlk Prezident təqaüdçüləri” layihəsinə başlayır.
Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Layihə çərçivəsində DİM Elm və Təhsil Nazirliyi ilə birgə 2001 və 2002-ci illərdə Prezident təqaüdünə layiq görülmüş şəxslərdən bəziləri ilə ünsiyyət saxlayıb onlardan Ulu Öndərimizlə keçirilən görüşü necə xatırladıqlarını, həmin görüşün təhsil və karyeralarındakı rolu, bir şəxsiyyət və dövlət xadimi kimi Heydər Əliyev haqqında düşüncələrini bildirməyi xahiş edib. Beləliklə, “Heydər Əliyev İli”ndə ilk Prezident təqaüdçüləri ilə silsilə videoçarxlar təqdim olunacaq. Birinci müsahibimiz Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin şöbə müdiri, sədrin müşaviri Orxan Dəmirlidir. Videoçarxı DİM-in saytında izləmək mümkündür.
Xatırladaq ki, Prezident təqaüdü təhsil sahəsində yüksək nailiyyətlər əldə etmiş tələbələrə dövlət qayğısını gücləndirmək, onların təhsil alması üçün daha əlverişli şəraitin yaradılmasını təmin etmək və təhsilə olan həvəslərini artırmaq məqsədilə Ulu Öndər Heydər Əliyevin 2001-ci il sentyabrın 3-də imzaladığı Fərmanla təsis edilib. Həmin Fərmana uyğun olaraq ilk dəfə 2001/2002-ci tədris ilində qəbul imtahanlarında yüksək nəticə əldə etmiş 25 tələbəyə Prezident təqaüdünün verilməsi ilə bağlı Sərəncam imzalanıb. Prezident təqaüdünün təsis edilməsi respublika pedaqoji ictimaiyyəti tərəfindən sevinclə qarşılanıb, ən başlıcası isə ali məktəblərə hazırlaşan gənclərin arasında böyük ruh yüksəkliyi və sağlam yarış əhval-ruhiyyəsi yaradıb. Sonradan Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təqaüdçülərin sayı və məbləği artırılıb.
Ulu Öndər Heydər Əliyev təhsilimizin böyük qayğıkeşi olaraq, həmçinin hər il ali məktəbə yüksək balla daxil olan gənclərlə Prezident sarayında görüş keçirirdi. Heydər Əliyev yüksək nəticələrə görə tələbələri şəxsən təbrik edir, onlara xatirə hədiyyələri təqdim edir və təhsildə uğurlar arzulayırdı.