Ulyanovskdakı Azərbaycan diasporu iftar süfrəsi təşkil edib
Bakı, 25 iyul (AZƏRTAC). “Ümumrusiya Azərbaycanlılar Konqresi” Ümumrusiya İctimai Təşkilatının Ulyanovsk regional bölməsi (ÜAK ÜİT URB) iftar süfrəsi təşkil edib. Tədbirdə Ulyanovsk vilayətində yaşayan azərbaycanlı, tatar, özbək, inquş, tacik, ləzgi, avar və başqa millətləri təmsil edən 100 nəfərə yaxın müsəlman iştirak edib.
ÜAK ÜİT URB-də AZƏRTAC-a bildiriblər ki, iftardan əvvəl “Məktəbə hazırlaşmağa kömək et” adlı xeyriyyə tədbiri çərçivəsində azərbaycanlı uşaqlara yardım göstərilib - çanta və məktəb ləvazimatları hədiyyə edilib.
Ulyanovsk vilayət qubernatoru Sergey Morozovun təşəbbüsü ilə 2005-ci ildən bəri hər il keçirilən “Məktəbə hazırlaşmağa kömək et” adlı xeyriyyə tədbirində ÜAK ÜİT URB həmişə fəal iştirak edir.
İftardan əvvəl tədbir iştirakçıları qarşısında çıxış edən Ulyanovsk vilayət qubernatorunun müavini Mixailı Sıçev bildirib ki, ÜAK ÜİT URB və bu təşkilatın sədri İslam Hüseynov mütəmadi xeyriyyə tədbirləri keçirir. Bugünkü iftar məclisi də buna sübutdur.
İslam Hüseynov Ulyanovsk vilayətində həyata keçirilən müdrik millətlərarası və dinlərarası siyasətə görə vilayət hökumətinə və şəxsən qubernator Sergey Morozova təşəkkürünü bildirib.
Günəş batandan sonra iftar məclisi başlanıb. İftarda Ulyanovsk vilayəti müftisinin birinci müavini hacı İldar Səfiullin və Ulyanovsk vilayəti qanunvericilik məclisinin deputatı Fərid Əyyupov da iştirak edirdi.
İftardan sonra dualar oxunub.