Ümummilli lider Heydər Əliyevin ideyaları daim yaşayacaq
Bakı, 9 dekabr, AZƏRTAC
Dekabrın 9-da Azərbaycan Texniki Universitetində (AzTU) ümummilli lider Heydər Əliyevin xatirəsinin anım günü ilə bağlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları universitetin foyesində ulu öndər Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyublar.
Tədbirdə AzTU-nun rektoru, professor Havar Məmmədov Ümummilli Liderin müdrik siyasətindən, Azərbaycan xalqı qarşısında tarixi xidmətlərindən danışıb. Bildirilib ki, ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra xalqımızı düşdüyü bəlalardan xilas edib, iqtisadi inkişafın sürətləndirilməsinə, cəmiyyət həyatının bütün sahələrində mütərəqqi islahatların aparılmasına etibarlı təminat yaradıb, elm və təhsilin problemlərini daim diqqət mərkəzində saxlayıb. H.Məmmədov qeyd edib ki, ömrünü Azərbaycanın inkişafına, xalqımızın rifahına həsr etmiş ümummilli lider Heydər Əliyevin ideyaları daim yaşayacaqdır.
Rektor vurğulayıb ki, Ulu Öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, milli təhsil öz məzmununu dəyişərək həm də Azərbaycanın gələcək inkişaf modelinin əsasını formalaşdıran başlıca amil kimi gündəmə gətirilir, insan kapitalının formalaşmasına xidmət edən ümumtəhsil hərəkatı yeni vüsət alır.
AzTU-nun professorları, Milli Məclisin deputatları Astan Şahverdiyev və Rüfət Quliyev, professor Şikar Qasımov çıxış edərək ümummilli lider Heydər Əliyevin mənalı ömür yolu və yarım əsrə yaxın dövrü əhatə edən siyasi fəaliyyətindən söhbət açıb, dövlətçiliyimizin qorunması, möhkəmləndirilməsi istiqamətində gördüyü işlərdən danışıblar.
Tədbirdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.