Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş esse müsabiqəsi elan edilib
Bakı, 28 fevral, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) tələbələr arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev - BDU-nun dünyaşöhrətli məzunu” adlı esse müsabiqəsi elan edir.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, müsabiqəyə təqdim olunan esselər 2-4 səhifə həcmində, Azərbaycan, rus və ingilis dillərindən birində (A4 formatda, Arial şrifti, 12 ölçüdə və intervalı 1,5) olmalıdır.
Esselər müəllifin tələbə biletinin surəti ilə birlikdə aprelin 27-dək BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin elektron poçt ünvanına ([email protected]) göndərilməlidir.
Müsabiqədə yalnız BDU-nun bakalavr, magistrant və doktorantları iştirak edə bilərlər.
Təqdim olunmuş esselər Müsabiqə komissiyası tərəfindən qiymətləndiriləcək. Qaliblər diplom və pul mükafatı ilə təltif ediləcəklər.
I yer - 700 manat; II yer - 500 manat; III yer - 300 manat.
Qalib elan edilmiş esselər BDU-nun rəsmi saytı, sosial media və “Bakı Universiteti” qəzetində dərc olunacaq.
Əlavə məlumat üçün: Tel: (+994 50) 408-84-89, e-mail: [email protected]