ÜMUMMİLLİ LİDERİN VƏFATININ 40 GÜNÜ İLƏ ƏLAQƏDAR MATƏM TƏDBİRLƏRİ KEÇİRİLMİŞDİR
Həmin gün Şəkinin Cümə məscidində, uşaq evində, internat məktəbində və Yuxarıbaş məhəlləsində, Qax, Zaqatala və Balakən rayonlarının Cümə məscidlərində, kəndlərdə ulu öndərimizin əziz xatirəsinə ehsanlar verilmiş, mərhumun ruhuna dualar oxunmuş, Quran tapşırılmışdır. Ehsan mərasimlərində minlərlə insan iştirak etmişdir.
Bölgə sakinlərinin əbədi liderimiz Heydər Əliyevə olan məhəbbət və ehtiramları tükənməzdir. Ümummilli liderin vəfatından 40 gün keçməsinə baxmayaraq, böyük öndərin nurlu və əziz xatirəsini yad etmək üçün hər gün yüzlərlə insan rayon icra hakimiyyətlərində, idarə və müəssisələrdə, mərkəzi meydanlarda yaradılmış matəm guşələrinə gəlir, əbədi liderimizin portreti önünə gül-çiçək düzür, xatirə kitablarına öz ürək sözlərini yazırlar. Xalqımızın böyük oğlunun adının əbədiləşdirilməsi ilə bağlı bölgə sakinləri və ayrı-ayrı əmək kollektivləri tərəfindən yerli icra hakimiyyətlərinə müraciət və təkliflər daxil olmaqda davam edir. Bu təkliflər artıq baxılmaq üçün müvafiq Dövlət Komissiyasına göndərilmişdir.
Ümummilli lider, görkəmli dövlət xadimi Heydər Əliyevin əziz və nurlu xatirəsi bölgə sakinlərinin yaddaşından heç vaxt silinməyəcəkdir.