ÜMUMRUSİYA AZƏRBAYCAN KONQRESİNİN TƏŞƏBBÜSLƏRİ DƏSTƏKLƏNİR
Qeyd etmək lazımdır ki, Konqresin bu təşəbbüsü ilk dəfə Moskva meri Yuri Lujkovun Azərbaycan diasporunun nümayəndələri ilə görüşündə səslənmişdir. Moskva meri də bu ideyaya müsbət münasibətini bildirmişdir. Hazırda işçi qrupu yaradılmışdır və o, sazişin mətni üzərində işləyir.
AZƏRTAC-ın xüsusi müxbiri ÜAK-ın vitse–prezidenti, icra aparatının rəhbəri Natiq Ağamirova istinadla Moskvadan xəbər verir ki, Konqres Moskva hökuməti ilə, o cümlədən RƏMSK-la sıx əməkdaşlıq etsə də, ÜAK rəhbərliyi əməkdaşlıq haqqında sazişin imzalanmasını məqsədəuyğun sayır: axı, bu saziş artıq mövcud olan qarşılıqlı fəaliyyətin məzmununu daha da zənginləşdirəcəkdir. M. Ağamirovun sözlərinə görə, RƏMSK–ın sədri Mixail Burovun bu cür mötəbər yığıncaqda təşəbbüsümüzü yüksək qiymətləndirməsi belə sazişin imzalanmasının mümkünlüyünü təsdiqləməklə yanaşı, təşkilatın özünün ictimai–siyasi fəaliyyətinin yetkinliyini sübut edir, habelə Konqresi Rusiyanın ən iri birləşdirici qurumlarından biri kimi səciyyələndirir. N.Ağamirov ümidvar olduğunu bildirmişdir ki, saziş yaxın vaxtlarda imzalanacaq və əməkdaşlıq keyfiyyətcə yeni səviyyəyə qaldırılacaqdır.
Yığıncaqda paytaxtın milli təşkilatları ilə əməkdaşlığın mexanizmlərinə təzədən baxılmasının və yeni yanaşmaların işlənib hazırlanmasının zəruriliyindən də söhbət getmişdir.
Yığıncaqda RF Prezidentinin müşaviri S.Samoylov, Moskva merinin müavini M.Men, Dövlət Dumasının deputatları, “Yedinaya Rossiya” partiyasının və ÜAK-ın nümayəndələri, habelə iri diaspor təşkilatlarının başçıları iştirak etmişlər.