“UNİVERSİTET İDMANI: YEKUNLAR, VƏZİFƏLƏR” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Naxçıvan Dövlət Universitetində (NDU) “Universitet idmanı: yekunlar, vəzifələr” adlı tədbirdə universitetin rektoru, akademik İsa Həbibbəyli Azərbaycanda, onun ayrılmaz hissəsi Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına göstərilən dövlət qayğısından, ölkəmizin başçısı İlham Əliyevin həm də Milli Olimpiya Komitəsinin rəhbəri kimi idmanın inkişafı sahəsindəki misilsiz xidmətlərindən danışmışdır. Rektor NDU-da Olimpiya İdman Mərkəzinin, idman kafedralarının, müxtəlif idman komandalarının fəaliyyətindən söz açmış, idmanın gələcək nəslin sağlam və mübariz ruhda formalaşmasında vacib sahə olduğunu diqqətə çatdırmışdır.
İdman klubunun sədri Elbrus Həsənov idman sahəsində əldə edilmiş uğurlardan, “Universitet” futbol komandasının baş məşqcisi, Naxçıvan Muxtar Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi Yusif Vəliyev futbol komandasının nailiyyətlərindən və qarşıda duran vəzifələrdən danışmışlar.
Universitetin tərbiyə işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayev “Universiada-2008” proqramına daxil olan idman yarışları barədə geniş məlumat vermişdir.
Tədbirin sonunda “Universitet” futbol komandasına Azərbaycan Respublikasının ali məktəbləri arasında yarışlarda yer tutduğuna görə Gənclər və İdman Nazirliyinin kuboku təqdim edilmişdir.