Ursula Fon der Lyayen: Aİ ölkələrində uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyət tətbiqi planlaşdırılır
Bakı, 13 iyul, AZƏRTAC
Avropa İttifaqı 27 ölkədən ibarət blokun bütün ərazisində uşaqların sosial şəbəkələrə çıxışını məhdudlaşdırmaq üçün tədbirlər görəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen bazar ertəsi bildirib. Bu, internetdə təhlükələrdən qorunmaq üçün bu günə qədər ən böyük tədbir olacaq.
Fon der Lyayen 13 yaşdan kiçik uşaqların yalnız valideynlər, qəyyumlar və müəllimlərin nəzarəti altında məhdud müddətə sosial mediadan istifadə etməsinə icazə veriləcəyi çoxsəviyyəli bir yanaşma tövsiyə edən iki ekspertin hesabatını təqdim edib. “Reuters” yazır ki, yeniyetmələr böyüdükcə məhdudiyyətlər tədricən aradan qaldırılacaq.
“Platformaların istifadəsində yaş məhdudiyyətlərinə ehtiyacımız olduğu tamamilə aydındır”, - deyə Ursula Fon der Lyayen Brüsseldəki jurnalistlərə bildirib.
“Sual artıq uşaqların onlayn risklərlə üzləşib-üzləşməməsində deyil, uşaqların onlayn həyata daha təhlükəsiz başlamasını təmin etmək üçün nə edə biləcəyimizdədir”, - deyə o vurğulayıb.
Ursula Fon der Lyayen vurğulayıb ki, çox güman, ekspertlərin tövsiyələrinə əməl edəcək və Komissiya yaydan sonra müəyyən bir təklif təqdim edəcək. Sentyabr ayında İttifaqın vəziyyəti barədə müraciətində bunu elan etməsi gözlənilir.
Azərbaycanda 16 yaşınadək uşaqların sosial şəbəkələrdə qeydiyyatdan keçməsi qadağan edilib. “İnformasiya, informasiyalaşdırma və informasiyanın qorunması haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlara əsasən, hesab yaradarkən sosial şəbəkə yaşa nəzarətin texniki metodlarını ardıcıl tətbiq etməyə borclu olacaq: əvvəlcə istifadəçi yaşını elan edir, bundan sonra onun təsdiqlənməsi aparılır. Yeni tələblərin şamil olunacağı platformaların siyahısı müəyyən ediləcək və daha sonra dərc olunacaq. 16-18 yaşında yeniyetmələr üçün qanuni nümayəndənin razılığı da tələb olunacaq; bu, bank kartı, elektron poçt ünvanı və mobil telefon nömrəsinin məlumatları vasitəsilə təsdiq edilir.