Uşaq evində “Bizim Ulu Öndərimiz” adlı tədbir təşkil edilib
Bakı, 18 fevral, AZƏRTAC
“Heydər Əliyev İli” çərçivəsində Bakıdakı 3 nömrəli Uşaq evində Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 iliyinə həsr edilmiş “Bizim Ulu Öndərimiz” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə uşaq evinin müdiri Məhbubə Hüseynova çıxış edərək Ulu Öndər Heydər Əliyevin 3 nömrəli uşaq evində olması, burada uşaqlar və müəllimlərlə görüşməsi ilə bağlı xatirələrini bölüşüb. Bildirib ki, uşaqlar hər dəfə Heydər Əliyevlə olan görüşlərindən sonsuz coşqu və böyük ilham alırdılar. Bu səmimi görüşlər hər bir uşağın yaddaşında əbədi iz qoyub.
Tədbirdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Kərəm Qafarlı Ümummilli Lider Heydər Əliyevin ölkəmizin inkişafı və tərəqqisinə yönələn fəaliyyətindən danışıb və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu gün həyata keçirdiyi işlər barədə ətraflı məlumat verib.
Sonra uşaq evinin şagirdlərinin ifasında Ulu Öndər Heydər Əliyevə, Prezident İlham Əliyevə, Azərbaycana, şanlı Ordumuza həsr olunan şeirlər və mahnılar səsləndirilib, uşaqlar şən rəqs nümunələri ilə çıxış ediblər.