Uşaqlara göstərilən sosial qayğı daha da genişləndiriləcək
Bakı, 7 sentyabr, AZƏRTAC
“Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Tədbirlər Planında bu sahədə müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur. Həmin planda uşaqların alternativ qayğı xidmətləri ilə əhatə olunması imkanlarının genişləndiriləcəyi öz əksini tapıb.
Sosial Xidmətlər Agentliyindən AZƏRTAC-a bildiriblər ki, uşaqların stasionar sosial xidmət müəssisələrinə düşərək ailə qayğısından məhrum olması gələcəkdə onların cəmiyyətə adaptasiya və ya reinteqrasiya olunmasında ciddi çətinliklər yaradır. Buna görə də həmin halların qarşısının alınması məqsədilə bir sıra tədbirlərin görülməsi, o cümlədən himayədar ailə institutunun inkişaf etdirilməsinin zəruriliyi qeyd olunur.
Sənədə əsasən, uşaqların stasionar sosial xidmət müəssisələrinə düşməsinin qarşısının alınması məqsədilə stasionar tipli qayğının tədricən alternativ xidmətlərə transformasiya olunması, himayədar ailə institutunun inkişafına hədəflənən tədbirlərin həyata keçirilməsi təmin olunacaq.
Görüləcək tədbirlər nəticəsində 220 uşaq stasionar müəssisələrdən ailələrinə qaytarılacaq. Həmçinin 250 uşağın stasionar müəssisələrə düşməsinin qarşısı alınacaq və azı 120 uşağın himayədar ailəyə verilməsi təmin ediləcək.