“UŞAQLARIMIZIN SAĞLAM GƏLƏCƏYİ NAMİNƏ” LAYİHƏSİ HƏYATA KEÇİRİLİR
Şuradan AZƏRTAC-a bildirmişlər ki, dünyanı lərzəyə salan və 2 milyarda yaxın insanda təsadüf edilən “gizli aclıq” (dəmir çatışmazlığı) problemi respublikamızda da geniş yayılmışdır. Bəzi əhali qruplarında bu göstərici hətta 70-90 faizə çatır. Məhz bu problemin qarşısının alınması ilə bağlı həyata keçirilən layihə əhali arasında “Dəmir qıtlığı anemiya” barədə maarifləndirmə işinin təşkilinə həsr olunmuşdur.
Dəmir çatışmazlığı körpələr, cavan qızlar və hamilə qadınlar arasında daha çox təsadüf olunur. Buna görə hər kəsə dəmirlə zəngin - ət, qara ciyər, mal dili, quş əti, balıq, meyvə və giləmeyvələr, dəniz kələmi və digər məhsullardan müntəzəm istifadə etmək, eyni zamanda, qidada dəmirin sorulmasına kömək göstərən amillərə (C vitamini ilə zəngin və fermentləşdirilmiş məhsullar) üstünlük vermək tövsiyə olunur.
“Gizli aclıq” kimi tanınan mikroelement çatışmazlığının qarşısı ərzağın mikroqidalandırıcılarla zənginləşdirilməsi, məsələn dəmir, sink, və B qrupuna aid vitaminlərlə zənginləşdirilmiş un və yodlaşdırılmış duzun köməyi ilə də alına bilər.