ÜTT-də islahatlar aparılması məsələsi gündəmə gəlib
Bakı, 26 avqust, AZƏRTAC
Hazırda qlobal ticarətdə dərin böhran və yaranmış ciddi problemlər fonunda Ümumdünya Ticarət Təşkilatında (ÜTT) islahatlar aparılması məsələsi gündəmə gəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə təşkilatın Baş direktoru Nqozi Okonco-İveala G-20 qrupuna sədrlik edən Hindistanın Caypur şəhərində keçirilən ticarət və investisiya nazirlərinin görüşündə deyib. Qlobal ticari əlaqələrin ildən-ilə azaldığını diqqətə çatdıran ÜTT-nin rəhbəri vurğulayıb ki, bu məsələlər gələn ilin fevralında Əbu-Dabidə keçiriləcək ÜTT-nin 13-cü Nazirlər Konfransında müzakirə ediləcək.
Baş direktor bildirib ki, ÜTT üzvləri ötən ilin iyununda əvvəlki nazirlər toplantısında görünməmiş ticarət nəticələri paketini təmin edərək təsirli nəticələr əldə etsələr də, bu tədbirlər qlobal ticarəti pandemiyadan öncəki səviyyəsinə qaytarmaq üçün yetərli deyil.
Təşkilatın rəhbəri vurğulayıb ki, ÜTT üzvlərinin diqqət yetirməli olduğu məsələlər arasında islahat aparılması və xüsusilə də bir çox üzvlər üçün əsas prioritet olan mübahisələrin həlli sistemində yeni mexanizmlərin tətbiqi, Balıqçılıq Subsidiyaları Sazişinin qüvvəyə minməsinin təmin edilməsi və bu sahədə danışıqların ikinci mərhələsinin yekunlaşması, Cenevrədəki müzakirələrin indiyədək çox az irəliləyiş göstərdiyi kənd təsərrüfatı üzrə məsləhətləşmələrin irəliləməsi, inkişaf etməkdə olan ölkələrin təşkilata olan inamını və etibarını qorumaq üçün inkişaf gündəliyinin təqdim edilməsi kimi problemlər var. O, bu il oktyabrın sonunda Cenevrədə planlaşdırılan yüksək vəzifəli məmurların görüşündə bu məsələlərin həllini tapacağına ümidvar olduğunu bildirib.
Baş direktor, həmçinin G20 nazirlərinə ticarət və iqlim dəyişikliyi, subsidiyalar və inklüzivlik üzrə dialoqu asanlaşdırmaq istiqamətində qarşılıqlı fəaliyyəti gücləndirməyi tövsiyə edib. Onun sözlərinə görə, xidmətlərin daxili tənzimlənməsi və investisiyaların asanlaşdırılması üzrə böyük üzv qrupları arasında başa çatmış danışıqlar, eləcə də elektron ticarətlə bağlı müzakirələrdə əldə olunan əhəmiyyətli irəliləyiş nikbinlik üçün əsas verir.
ÜTT-nin Baş direktoru qlobal ticarətə tədarük şəbəkələrinin genişlənməsinin zəruriliyini vurğulayıb. O, həmçinin açıq, azad və ədalətli çoxtərəfli ticarət sistemi ilə dəstəklənən “yenidən qloballaşma” prosesinin bütün ölkələri üçün faydalı olacağını bildirib.