Valdas Dambrauskas: Bütün diqqətimiz yalnız KuPS-la cavab oyununa yönəlib
Bakı, 21 iyul, AZƏRTAC
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda Finlandiyanın KuPS komandasını 1:0 hesabı ilə məğlub edən "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas nəticədən razı qaldığını, lakin komandasının yaratdığı çoxsaylı qol imkanlarını dəyərləndirə bilməməsindən təəssüfləndiyini bildirib.
AZƏRTAC xəbər verir ki, litvalı mütəxəssis oyundan sonra keçirilən mətbuat konfransında ilk növbədə klubun azarkeşlərini təbrik edib.
“İlk növbədə "Sabah" ailəsini və bütün azarkeşlərimizi təbrik edirəm. Bu, həqiqətən də böyük hissdir. Futbol elə oyundur ki, bəzən az qol imkanı yaradaraq qalib gəlirsən, bəzən isə çoxsaylı epizodlardan yararlana bilmirsən. Bu gün belə oyunlardan biri idi. Taktiki baxımdan futbolçularımdan narazı deyiləm. Onlar verilən tapşırıqları tam yerinə yetirdilər”, – deyə baş məşqçi bildirib.
V.Dambrauskas oyunun sonlarında rəqibin də təhlükəli epizod yaratdığını xatırladaraq, artıq bütün diqqətin cavab görüşünə yönəldildiyini vurğulayıb.
“Səfərdə bizi fərqli şərait gözləyir. Rəqib süni örtüklü meydançada oynayır və bu, müəyyən çətinliklər yarada bilər. Bununla belə, inanıram ki, Bakıda istifadə edə bilmədiyimiz qol imkanlarını səfərdə dəyərləndirəcəyik. Əsas məqsədimiz çoxlu qol vuraraq növbəti mərhələyə yüksəlməkdir”, – deyə o qeyd edib.
Litvalı mütəxəssis ötən mövsüm komandanın aparıcı futbolçularından olan Aaron Maludanın ehtiyatda qalmasının səbəbinə də aydınlıq gətirib. Onun sözlərinə görə, yarımmüdafiəçi fiziki və psixoloji baxımdan oyuna tam hazır olmadığı üçün meydana buraxılmayıb.
Baş məşqçi yeni transferlərin komandaya tam uyğunlaşması üçün vaxta ehtiyac olduğunu bildirərək, hazırda heyətdə sağlam rəqabət mühitinin formalaşdığını vurğulayıb.
V.Dambrauskas UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki mümkün rəqiblər barədə danışmaq istəmədiyini də bildirib.
“Hazırda bütün fikrimiz yalnız KuPS-la cavab oyununa yönəlib. Bizim üçün ən vacib qarşılaşma qarşıdakı matçdır və bütün diqqətimizi ona cəmləmişik”, – deyə baş məşqçi əlavə edib.