MƏDƏNİYYƏT
Vaşinqtonda Novruz bayramına həsr edilmiş təntənəli gecə keçirilib VİDEO
Vaşinqton, 21 mart, AZƏRTAC
Vaşinqtonun mərkəzində yerləşən “The Mayflower Renaissance” otelində Novruz bayramına həsr edilmiş təntənəli gecə keçirilib.
“Azərbaycanın Dostları Assambleyası” tərəfindən təşkil olunmuş gecədə ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov təbrik nitqi söyləyib. O vurğulayıb ki, Novruz Azərbaycanda qədimdən qeyd olunur və ilin ən çox gözlənilən bayramlarındandır. Diplomat qeyd edib ki, bu bayram təbiətin oyanışını, baharın başlanğıcını, gecə və gündüzün bərabərliyini bildirir. Ölkə rəhbərliyinin məqsədyönlü və müdrik siyasəti nəticəsində Azərbaycan ildən-ilə güclənir və beynəlxalq aləmdə layiqli yerini tutur. Səfir, həmçinin Azərbaycan diasporunun üzvlərinə xaricdə milli ənənələri davam etdirdiklərinə və ABŞ-da azərbaycanlıların yeni nəslinin milli ruhda tərbiyəsinə görə təşəkkürünü bildirib.
Bayram gecəsi Azərbaycan müğənnisi Veronika və onun “Veronica ORCHESTRA” Nyu-York ansamblının çıxış ilə davam edib.
Gecədə Vaşinqtondakı diasporumuzun üzvləri, diplomatik korpusun nümayəndələri və Azərbaycanın dostları da daxil olmaqla təxminən 200 nəfər iştirak edib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton