“Veçerni Murmansk” qəzeti: Azərbaycanlılar dostluq festivalı səhnəsində
Bakı, 14 fevral, AZƏRTAC
Rusiyanın Murmansk şəhər administrasiyası tərəfindən təsis edilmiş “Veçerni Murmansk” qəzetində “Dostluq bayramı” haqqında məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə hər il qeyd olunan qardaş birliyi bayramında Murmanskda yaşayan azərbaycanlılar, ukraynalılar, beloruslar, moldovanlar, saamlar, tatarlar, yəhudilər, çuvaşlar, dağıstanlılar, gürcülər, özbəklər, almanlar, qazaxların və digər xalqların nümayəndələrinin iştirak etmələri barədə söhbət açılır. “Dostluq bayramı” milli mədəniyyətlər festivalının bu il S.M.Kirov adına vilayət mədəniyyət sarayında keçirildiyi, çoxmillətli vahid ailə kimi yaşayan xalqların milli çalarları, adət-ənənələri, keyfiyyətləri, xüsusiyyətləri və müdrikliyinin burada həmişə hiss olunduğu vurğulanır.
Məqalənin müəllifi və qəzetin xüsusi müxbiri Anjelika Kovalyova yazır ki, dostluq festivalının səhnəsində Murmanskın “Azərbaycan” mədəniyyət mərkəzini Natəvan Həmzəyeva gözəl milli rəqsi ilə təmsil edib.
Materialda Murmanskın “Azərbaycan” mədəniyyət mərkəzindən söhbət açılır. Vurğulanır ki, bu, öz ağsaqqallar şurası olan yeganə və ən çoxsaylı mərkəzdir. Ağsaqqalları şurası diaspor üçün həm qlobal məsələləri, eləcə də gündəlik məsələləri həll etməkdən ötrü ayda bir dəfə toplaşır.