Vəli Qasımov: Oyun səviyyəsinə görə “Sabah”ı Finlandiya klubundan üstün görürəm
Bakı, 21 iyul, AZƏRTAC
“Sabah” öz oyununu nümayiş etdirsə, növbəti mərhələyə yüksələcək.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın veteran futbolçusu Vəli Qasımov "Sabah" klubunun UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiyanın “KuPS” komandası ilə keçirəcəyi ilk oyunla bağlı danışarkən deyib.
Mütəxəssis rəqibin zəngin tarixə malik olmasına baxmayaraq, Bakı klubunun şanslarını yüksək qiymətləndirib: “Sabah” son zamanlar öz oyun üslubunu tam formalaşdırıb və əvvəlki illərlə müqayisədə daha stabil futbol sərgiləyir. Rəqib öl ölkəsində neçə dəfə çempion olursa-olsun, oyun səviyyəsinə görə “Sabah”ı bu cütlükdə üstün görürəm. Komanda matça ciddi yanaşsa, heç bir problem yaşanmamalıdır”.
Meydança və hava şəraiti amilinə da toxunan Vəli Qasımov bunun nəticəyə mənfi təsir etməyəcəyini vurğulayıb: “Əsas məsələ öz oyununu tapmaq və inamlı mübarizə aparmaqdır. Komanda öz imkanlarını nümayiş etdirə bilsə, istənilən nəticəni qazanacaq”.
“Bayquşlar”ın III təsnifat mərhələsindəki potensial rəqibləri olan "Orxus" (Danimarka) və "Lex" (Polşa) barədə də danışan veteran hücumçu “Sabah”ın turnirdə daha da irəli gedə biləcəyini qeyd edib: “Qarşıdakı rəqiblərin hamısı keçiləsi komandalardır. Düzdür, “Sabah”ın avrokuboklarda beynəlxalq təcrübəsi az ola bilər, lakin onlar öz oyununu oynasa, turnirdə növbəti mərhələlərə adlaya biləcəklər”.
Qeyd edək ki, “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “KuPS” görüşü saat 20:00-da başlayacaq. Komandalar arasında cavab matçı iyulun 28-də Finlandiyada olacaq.