Velopark - Dövlət Bayrağı Meydanı marşrutu üzrə veloyürüş keçirilmişdir
Bakı, 3 noyabr (AZƏRTAC). Noyabrın 3-də Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən veloyürüş təşkil edilmişdir.
AZƏRTAC xəbər verir ki, 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş yürüş gənclər arasında velosiped idmanını təbliğ etmək məqsədilə keçirilmişdir.
“Bayrağımız qürur mənbəyimizdir!” devizi ilə keçirilən yürüşdə iştirak edən peşəkar və həvəskar velosipedçilərə Azərbaycan bayrağı, papaq və gödəkçələr paylanmışdır.
Yürüş Şıx çimərliyi ilə üzbəüz Veloparkdan başlamış, Dövlət Bayrağı Meydanında başa çatmışdır. Yürüş iştirakçılarını təcili tibbi yardım və yol patrulu xidmətinin əməkdaşları müşayiət etmişlər.